Aprelin 1-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyinin “Azərbaycan xalq nağılları” adlı sərgisi keçiriləcək. Sərgidə rəsm dərnəyinin müəlliməsi Gilan Əzizxanlının şagirdlərinin 120-dən artıq əl işi təqdim olunacaq.
Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı əllər" dərnəyi iki ildir fəaliyyət göstərir. Burada balacalar rəssamlıq sənətinin incəlikləri ilə tanış olurlar. Onlara rəngkarlığın müxtəlif növləri, eyni zamanda müxtəlif plastik materiallardan bədii tərtibatın hazırlanması öyrədilir. Tez-tez uşaqların fəaliyyəti müddətində çəkilmiş əsərlərdən ibarət sərgilər keçirilir. Rəsm dərnəyində 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərirlər. Dərnəyin müəllimləri Gilan Əzizxanlı və Leyla Dadaşovadır.