Parisdə “Grand Palais”də nüfuzlu və çox sevilən “Art Paris Art Fair” sərgi-yarmarkası martın 31-də müasir incəsənət ustalarına və ziyarətçilərə qapılarını yenidən açıb.
Aprelin 3-dək davam edəcək yarmarkada 20-dək ölkəni təmsil edən 140-dan çox qalereya iştirak edir. Azərbaycan, Kolumbiya və İran bu sərgi-yarmarkada ilk dəfə təmsil olunur. Ölkəmizi tədbirdə “YAY” qalereyası (“YAY Gallery”) təmsil edir.
“YAY Gallery” beş ildən az bir müddətdə fəaliyyətə başlayan perspektivli qalereyalara həsr edilmiş “Promesses” sektorundakı G stendində ölkəmizin müasir incəsənət nümayəndələrinin əsərlərini nümayiş etdirəcək.
Yarmarka müddətində hər axşam “Grand Palais”in fasadında rəqəmsal incəsənət əsərləri təqdim olunacaq.