Bu il Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinin yaradılmasının 80 ili tamam olur. Muzeyin fondu 1936-cı ilədək Azərbaycan Dövlət Muzeyinin tərkibində incəsənət şöbəsi olaraq fəaliyyət göstərmiş, həmin ildə şöbənin əsasında Azərbaycan Dövlət İncəsənət Muzeyi yaradılmışdır. Muzeydə Azərbaycan təsviri sənətinin ən dəyərli əsərləri, eləcə də dünya incəsənəti nümunələri saxlanılır. Təqdim olunan məqalələrdə onlardan bir neçəsindən söz açılır.

“Qaytağ” tikmələri

“Qaytağ” (qaraqaytaq) adlanan qiymətli tikmə nümunələri Azərbaycan Milli İncəsənət Muzeyinin fonduna 1925-ci ildə daxil olmuşdur. Bu tikmələri yaradan və məişətdə, adət-ənənələrində istifadə edənlər Azərbaycanın şimal-qərbində, Dağıstanda yaşayan avar, dargin, qaytağ və kubaçilər olmuşlar.
“Qaytağ” tikmələri XVI əsrdən etibarən hazırlanmağa başlanmışdır. Bu işləmələr saraylarda və ya şəhər emalatxanalarında deyil, xalq tərəfindən hazırlanmışdır. İlk öncə sandıq, beşik örtüyü, atqı kimi, sonra doğum, toy, dəfn mərasimlərində istifadə edilmişdir. “Qaytağ”lar ən arxaik elementlərlə, bədii özəllikləri, dini inancları əks etdirən motivlərlə bəzədilib. Onlar nəzərlik, magik müalicəvi, təbiətdə baş verən faciələrdən qorunmaq kimi əhəmiyyət daşıyır. Bu tikmələrdən - doğum, düyün və ölüm kimi insan həyatının hər üç mərhələsində istifadə edilirdi.
“Qaytağ”lar üzərindəki günəşin - svastika, xaçabənzər, dairə, çərxi-fələk kimi müxtəlif təsvir formaları, qarmaqlar, üçbucaq, səkkizbucaqlı ulduz, ziqzaq kimi həndəsi və quş, əl, insan obrazını xatırladan naxış və şux rəngli koloriti ilə çox baxımlıdırlar. İşləmələrdə stilizə edilmiş geometrik formalı nəbati motivlər, qədim ərəb yazılarına bənzər hərflər, hətta səlcuqlu motivləri sayıla bilən naxışlar da mövcuddur. “Qaytağ” tikmələrində müxtəlif emblem tipli ay-ulduz nişanlarına da rast gəlinir. Yerli xalq bunlara qadın və kişi başlanğıcı kimi müxtəlif şərti adlar vermişlər. Dəniz mənzərəsini canlandıran qarmaqlı, dalğalı motivlər, heç şübhəsiz, Dağıstana Xəzərlə sərhəd bölgələrdən gəlmişdir. Tikmələrdəki totem kimi qoyun kəlləsi - ocağı qoruyan talisman, buynuz - nəzərlik, maral - uğur gətirəcək məna kəsb edən onlarla damğalar, “S” formalı, quş ayağı, üç diş forması və digərləri də vardır.
“Qaytağ”ın görünən üz tərəfində ipək saplarla sırığabənzər tikişlər vurulur, bunlar Türkiyədə yayılmış “Buxara atması” texnologiyasına çox yaxındır. Bu tikmələr bir qayda olaraq 100x50 sm. ölçülü parça üzərində tikilirdi. Azərbaycanın Nuxa (Şəki) bölgəsindən gətirilən ipək saplarla isə “Qaytağ”a xüsusi incəlik vermişlər. “Qaytağ” tikmələrində Türk, İran xalılarında, məxmər parçalarında olan motivlərə rast gəlinir. Bu fakt qonşu ölkələrlə mal mübadiləsi, mədəni bağlılığın olduğunu sübut edir.
“Qaytag” XIX-XX əsrdən başlayaraq Avropaya satışa çıxarılmışdır. Avropada bu nümunələrə göstərilən geniş maraq nəticəsində 1993-cü ildə Londonda 171 ədəd “qaytağ” rəsminin daxil edildiyi kataloq nəşr edilmişdir. 1994-cü ildə Paris, İstanbul, Boston, Stokholm, 1995-ci ildə Berlin, Melburn, Sidney, 2003-cü ildə yenə İstanbulda sərgilər təşkil edilmişdir. Bu gün də dünyanın tanınmış muzeylərində - Sankt-Peterburqun Ermitaj, Etnoqrafiya, Moskvanın Dekorativ və Xalq Sənəti Muzeyində və s. “qaytağ” nümunələri qorunmaqdadır.

Xədicə Əsədova
Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini,
sənətşünaslıq üzrə fəlsəfə doktoru




Mikayıl Abdullayevin “Qız portreti”

Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsi 2009-cu ildə yaradılmışdır. 2010-cu il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə muzeydə təşkil olunmuş qadın obrazlarının əks olunduğu “Qadın ətri” innovativ sərgisi şöbəmizin ilk layihəsi olmuşdur.
Əgər Stanislavskiyə görə teatr asılqandan başlayırsa, muzeydə isə hər bir sərgi demək olar ki, dəvətnamədən başlayır. Yadımdadır, biz sərginin adı üzərində çox düşündük və belə qərara gəldik ki, onu Al Paçinonun rol aldığı filmin adı ilə adlandıraq. Dəvətnamələr çox kiçik, kibrit qutusu ölçüsündə idilər, içərisində isə təkcə bir söz “gözləyirik...”, məkan və vaxt yazılmışdı. Beləliklə, uğurlu ad. Qaldı portretləri seçmək!
Sərginin ekspozisiyasına məşhur Azərbaycan rəssamlarının əsərləri daxil edilmişdir. Bunlardan bəziləri artıq tamaşaçıların tanıdığı və sevdiyi rəssamlar idilər, digərlərinin isə bir qisim tamaşaçılar üçün yeni tanışlıq olacağını bilirdik. Fondda işləyərkən öz qəhrəmanımızı tapdıq. Rəngkarlıq fondundan verilən məlumata görə həmin iş o vaxta kimi heç bir yerdə nümayiş olunmamışdı. Sərginin açılışını məhz o etdi! Sərginin simasına çevrilən və onun afişasını bəzəyən bu etüd - Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin “Qadın portreti” o vaxta qədər nəinki tamaşaçılara, hətta peşəkarlara da tanış deyildi.
Sərgidə ustad rəssamlarla yanaşı, milli rəngkarlıq sənətinə məftunedici əsərlər bəxş etmiş cavan rəssamların əsərləri də nümayiş olunurdu. Çoxları bu sərgini uzun müddət xatırladılar, amma, təbii ki, ən yaddaqalan obraz qırmızı dodaq boyası ilə bizim naməlum qadın obrazı oldu.

Əminə Məlikova
Muzeyin Beynəlxalq əlaqələr və muzey innovasiyaları şöbəsinin müdiri, AMEA İncəsənət və Memarlıq İnstitutunun doktorantı



“Zamanın dörd rəngi”

Xalq rəssamı, akademik Ömər Eldarov sənətinin şah əsərlərindən hesab olunan “Zamanın dörd rəngi” adlı kompozisiyası olduqca dərin fəlsəfi-psixoloji mənaya malik sənət əsəridir. Milli İncəsənət Muzeyinin sənət incilərindən olan bu əsərdə qüdrətli tişə ustası bir-birindən fərqli dörd qadın surətində ilin dörd fəslinin - insanın ömrünün dörd çağının fəlsəfi mahiyyətini təsvir etmişdir.
Sənətkar birinci obrazı, şaqraq və şən əhval-ruhiyyəli, ikinci obrazı bir qədər iradəli və əzmkar, üçüncü obrazı dərin fikirlərə dalmış və yorğun, dördüncü obrazı isə əldən düşmüş və usanmış qadın xarakterlərində təsvir edərək həyat fəlsəfəsinin, yaşam dünyasının mərhələlərini olduqca bədii-estetik və güclü təsir qüvvəsi ilə yaratmışdır.
Ö.Eldarov dühasının yaradıcılıq məhsulu olan “Zamanın dörd rəngi” adlı kompozisiyanın qarşısından sakitliklə keçmək, əsər qarşısında ayaq saxlayıb düşünməmək mümkünsüzdür.

Əsəd Quliyev
Muzeyin böyük elmi işçisi, sənətşünas




Bəhmən Mirzənin dua kitabı və portreti

Milli İncəsənət Muzeyində qorunub saxlanan əlyazmalar arasında İran şahı Fətəli şah Qacarın nəvəsi şahzadə Bəhmən Mirzəyə aid olan dualar kitabı var. Kitabda ona məxsus kvadrat şəklində olan möhür vurulmuş və kalliqrafik yazı ilə “Şah taxt-tacının yeganə incisi - Bəhmən. 1240(1824)” yazılmışdır. Kitab o zaman Fətəli şah tərəfindən saray kitabxanası üçün sifariş olunmuşdu.
İran taxt-tacının vəliəhdi, Abbas Mirzənin oğlu, Məhəmməd şah Qacarın qardaşı Bəhmən Mirzə 1842-1845-ci illərdə Cənubi Azərbaycanın hakimi olmuşdur. Bacarıqlı sərkərdə, müdrik siyasi xadim, şair kimi tanınırdı. Lakin sonralar saray çəkişmələrindən və ona edilən sui-qəsddən qaçaraq, ailəsi ilə Tiflisə gəlir və ruslardan sığınacaq istəyir. O, zəngin əlyazmalarını 95 dəvəyə yükləyərək özü ilə götürmüşdü. Çar hökuməti ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir və buraya köçür. 1880-ci ildə Bərdə şəhərindəki İmamzadə məzarlığında özü üçün 3 otaqdan ibarət türbə tikdirir. 1884-cü ildə vəfat edən Bəhmən Mirzə vəsiyyətinə uyğun burada dəfn edilir.
Hazırda Bəhmən Mirzənin kitabları Gürcüstan, Ukrayna, Rusiya, Fransa və s. ölkələrdə saxlanılır. Azərbaycan İncəsənət Muzeyində Bəhmən Mirzə ilə bağlı daha bir əsər var ki, bu da onun italyan rəssamı Con Kozalini tərəfindən çəkilmiş portretidir.

Təranə İsgəndərova
Muzeyin Ekspozisiya şöbəsinin müdiri