Aprelin 7-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Molla Nəsrəddin” satira-karikatura jurnalının 110 illiyi münasibətilə tanınmış karikaturaçı-rəssam Hafiz Nəsiroğlunun əsərlərindən ibarət sərgi açıldı.
Açılışda ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək Hafiz Nəsiroğlunun yaradıcılığı, ölkəmizdə karikatura sənətinin inkişafı yolunda göstərdiyi işlərdən danışdı. Bildirdi ki, rəssam uzun illərdir bu sənətlə məşğul olur, ölkəmizi beynəlxalq yarışmalarda təmsil edir, sərgilərini keçirir.
Xalq rəssamı Arif Hüseynov karikaturaçı-rəssamın əsərlərinin səmimiliyindən, onlardakı gülüş və acı həqiqətlərdən söz açdı.
Yazıçı-dramaturq, ədəbiyyatşünas Aqşin Babayev rəssamı uzun illərdir tanıdığını, bu səbəbdən onun yaradıcılığına və şəxsiyyətinə yaxından bələd olduğunu bildirdi.
Rejissor, Xalq artisti Vasif Babayev rəssamın gənclik illərində Azərbaycan Dövlət Televiziyasında çalışdığını və bir çox televiziya tamaşalarına, eləcə də verilişlərə tərtibat verdiyini vurğuladı.
“Kirpi” satura-yumor jurnalının baş redaktoru Polad Qasımov uzun illər Hafiz Nəsiroğlu ilə bir yerdə çalışdığını, onun zəhmətkeş sənətkar olduğunu dilə gətirdi.
Sonda çıxış edən H.Nəsiroğlu tədbirə gələnlərə sayğısını ifadə etdi. Sərginin rəmzi açılışını bildirən lent kəsildikdən sonra iştirakçılar əsərlərlə yaxından tanış oldular. Sərgidə 60 əsər nümayiş etdirilir.
Hafiz Nəsiroğlu 1950-ci ildə Bakıda anadan olub. 1983-cü ildən «Kirpi» satira-yumor jurnalında rəssam kimi fəaliyyət göstərir. Beynəlxalq karikatura müsabiqələrində mükafatlara layiq görülüb.

Soltan