Aprelin 16-da Müasir İncəsənət Muzeyində tanınmış gürcü rəssamı Lia Şvelidzenin fərdi sərgisinin açılışı olacaq.
Tanınmış rəssam Bejan Şvelidzenin qızı Lia Şvelidze ötən əsrin 80-ci illərdən yaradıcılığa başlayıb və hər zaman öz əsərləri ilə sənətsevərləri təəccübləndirir.
Rəssamın rəngkarlıq əsərləri bir neçə üslub üzrə qruplaşdırıla bilər: 80-90-cı illərin əsərlərində əks olunan qadın obrazları tam fərqli kontekstin yaranma vasitəsi kimi çıxış edir. Digər qrup əsərlər rəng və məzmun etibarilə daha zəngindir. Rəssam lokal, əlvan rənglər istifadə etməkdən çəkinmir və fiqurların formalarını qabartmaqla əsərləri daha da ifadəli edir.
Əsərlərdəki qadın obrazları özünəməxsus əhval-ruhiyyə yaratmaqla sanki tablolardan zaman və məkanımıza daxil olurlar. Rəssamın üslubu zamanla dəyişir. Dəyişikliyə uğramayan yalnız üslubun təsvirli, ifadəli, rəngarəng olmasıdır.