Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi film festivalı bu il oktyabrın 9-14-də 47-ci dəfə kinosevərlərin görüşünə gələcək. Artıq festivala filmlərin qəbulu başa çatıb. “Beynəlxalq Qızıl Portağal Antalya Film Festivalı”na bu dəfə 46 film təqdim olunub. Növbəti mərhələdə (sentyabrın 5-dək) onların arasından 16-17 film seçiləcək. Keçən illə müqayisədə builki müraciətlərin say çoxluğu diqqəti cəlb edir. Festivalda Türkiyənin tammetrajlı bədii, sənədli və qısametrajlı filmləri ilə yanaşı, xarici beynəlxalq bədii filmlər də yarışacaq.
   
   Digər gözdən qaçmayan məqam isə əksər filmlərin rejissorların ilk işi olmasıdır. Bu il 33 rejissor ilk filmlərini Antalya kinofestivalına təqdim edib. “Qızıl Portağal”a iddiaçılar arasında Semih Kaplanoğlunun dünya kinosuna səs salmış “Bal” filmi də var. Onu da qeyd edək ki, festivalda milli (Türkiyə) tammetrajlı bədii filmlər nominasiyası üzrə birinci mükafatın dəyəri 330 min lirədir (təxminən 160 min manat).
   
   Məşhur kino ulduzları bir araya gələcək
   
   “Qızıl Portağal”ın münsiflər heyətində bu il kino dünyasının ən əhəmiyyətli insanları bir araya gələcək. Festivalın münsiflər heyətinə məşhur aktyor Qədir İnanır rəhbərlik edəcək. Münsiflər arasında Tomris Giritlioğlu, Meltem Cumbul, Meral Okay, Murathan Mungan, Zeynəb Tül Akbal və başqa tanınmışlar yer alacaq.
   Filmləri ilə milyonlarla tamaşaçı sevgisi qazanan, “Ağ və qara pişik”, “Yeraltı”, “Arizona yuxusu” kimi filmləri çəkmiş serb rejissoru Əmir Kustiritsa bu il festivalın Beynəlxalq tammetrajlı filmlər bölümündə münsif olacaq. Festival daxilində rejissorun filmləri də nümayiş ediləcək.
   
   Ənənəvi mükafatlar öz sahiblərini tapıb
   
   Antalya Qızıl Portağal Film Festivalı çərçivəsində 1996-cı ildən təqdim edilən “Həyat boyu qürur mükafatı”nın builki sahibləri isə artıq bəllidir. Festivalın icra komitəsinin gəldiyi birgə qərara görə, ssenarist Səfa Önal, rejissor-ssenarist Ərdəm Göreç, Nur Sürər, Gülgün Bubikoğlu, Mətin Akpınar və Ağıllı Alasya bu mükafata layiq görülüb.
   1973-cü ildə “Dayanmayan sızı” filmindəki ən yaxşı epizodik rol aktyoru seçilərək “Qızıl portağal” mükafatını alan teatr və kino sənətçisi İldırım Önal ömrünün son illərində yaşadığı maddi çətinlik ucbatından mükafatını girov qoymaq məcburiyyətində qalmış və onu sonra geri ala bilməmişdi. İllər sonra mükafatı girov götürmüş şəxsin oğlu tərəfindən Antalya Mədəniyyət Sənət Mərkəzinə qaytarılan mükafat 1999-cu ildən etibarən İldırım Önalın xatirə mükafatı olaraq hər il bir aktyora əmanət edilir. Mükafatın builki əmanətçisi aktrisa Ulduz Kenter olacaq.
   Türk kino sektorunu inkişaf etdirmək, kinoya və bu sahədə çalışanlara diqqətin artırılması məqsədi ilə Qızıl Portağal Film Festivalı bu ildən başlayaraq “Sənətdə ictimai məsuliyyət mükafatı”nı da təqdim etməyə hazırlaşır. Mükafatın ilk sahibi isə aktyor Müjdat Gezen olacaq.
   
   Yeganə Cansail