Aprelin 22-dən 28-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu münasibətilə Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi təşkil olunmuşdu. Azərbaycan təsviri sənətinin zənginliyini nümayiş etdirən sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq, müasir milli geyim və video-art sahəsində əsərlər yer almışdı. Onların böyük qismi geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim olunurdu.

Sərgidə 80-dək rəssamın 150-dən çox əl işi nümayiş olundu. Tablolar sırasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılan məşhur rəssamlarımızın əsərləri üstünlük təşkil edirdi. Sərginin ekspozisiyasına dövrünün siyasi çərçivəsinə sığmayan mövzularda işlənmiş incəsənət əsərləri daxil idi. Bunlar dövrün tələbləri ilə deyil, rəssamlarımızın yaradıcılıq ruhlarına yaxın olan sənət nümunələridir.
Bəllidir ki, kommunist rejiminin hökmranlığı şəraitində Azərbaycan təsviri incəsənət tarixində də bədii yaradıcılıq prosesini, yaradıcılıq azadlığını məhdudlaşdıran müxtəlif neqativ hallar mövcud olmuşdur. Lakin bütün bunlara baxmayaraq, milli ənənələrə əsaslanan özünəməxsus yaradıcılığa malik görkəmli sənətkarların təmsil etdiyi müasir boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəblərinin təşəkkülü XX əsrdə Azərbaycan təsviri incəsənətinin və estetik mədəniyyətin ən önəmli uğurlarındandır. 1980-ci illərdə yeni və novator ruhlu konsepsiyalar meydana çıxır. Yeni plastik forma, rənglərin bədii emosional gücünü artırmaq naminə aparılan axtarışlar Fərhad Xəlilov, Faiq Ağayev, Fikrət Həşimov, Qəyyur Yunus, Mirnadir Zeynalov, Əşrəf Muradov, Kamil Əhmədov və başqalarının orijinal dəst-xəttinə aid edilir.
İncəsənətin başqa növ və janrlarında görünən yeni meyllər son zamanlar heykəltəraşlıqda açıq-aydın nəzərə çarpır. Bu istiqamət realizm metodlarından nisbətən uzaqlaşaraq daha çox qədim keçmişimizin sənət abidələrinə yönəlmişdir.
“Siyasətdən kənar” müasir incəsənət sərgisinin ekspozisiyasının böyük hissəsini əhatə edən rəngkarlıq nümunələrinin 90-dan çoxu Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna məxsusdur. İlk dəfə geniş ictimaiyyətə təqdim olunan əsərlərdən Səttar Bəhlulzadənin “Səhər”, Mikayıl Abdullayevin “Məscidin həyəti”, Kamil Əhmədovun “Sirk”, Toğrul Nərimanbəyovun “Yay günü”, Tağı Tağıyevin “Qız”, Asəf Cəfərovun “Balqabaq”, Mahmud Tağıyevin “Şuşa lalələri”, Xalidə Səfərovanın “Aprel”, Vəcihə Səmədovanın “Buzovna”, Ənvər Əsgərovun “İçərişəhər”, Kamil Əhmədovun “Abşeronda Novruz bayramı”, Tahir Salahovun “Abşeron məqbərəsi”, Rasim Babayevin “Torpaq neftlə zəngindir”, Mirnadir Zeynalovun “Səma yolu”, G.Brijatyukun “Bahar”, Kamil Nəcəfzadənin “Venesiya”, Eldar Qurbanovun “Dodağını boyayan qadın” və digərlərinin adlarını qeyd etmək olar.
Sərgidə həmçinin, Azərbaycan plakatının dirçəliş illərinə təsadüf edən və tarixdə öz yerini tapmış plakat nümunələri nümayiş olunmuşdur.

Nərgiz Əsgərova
Azərbaycan Dövlət Rəsm Qalereyasının Elmi araşdırma və maarifləndirmə şöbəsinin müdiri