Nyu-York şəhərinin Bruklin rayonundakı “Master” Teatrının binasında birinci “Qafqaz irsi” festivalı keçirilib. Festival Bruklin meri Erik Adams və Bruklin-Bakı Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.

Festivalın açılış mərasiminə toplaşmış iki minədək tamaşaçını salamlayan Erik Adams bu təşəbbüsün reallaşmasında xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Rozentala, “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib. Bruklini “Amerikanın Bakısı” adlandıran E.Adams burada bir çox mədəniyyətin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib.
Sonra mer E.Adams tərəfindən imzalanmış rəsmi bəyanatlar oxunub. Sənədlərdə “Qafqaz irsi” festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu-York və Bruklinin mədəni inkişafına töhfəsi vurğulanır, festivalın Bruklin ilə Bakı arasında münasibətlərə müsbət töhfəsi qeyd olunur. Eyni zamanda, bəyanatlarda hər ilin may ayı Bruklində “Qafqaz irsi ayı” elan edilir.
Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov festivalı tarixi hadisə adlandıraraq bildirib ki, bu, Vətəndən uzaqda olan istedadlı uşaq və gənclərin öz doğma mədəniyyətini qoruması, yaşatması və tanıtması baxımından gözəl bir imkandır. Qeyd edib ki, Azərbaycan tarix boyu tolerantlıq və sülh məkanı kimi tanınıb. Ölkə rəhbərliyi multikulturalizm və mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirir. Bu kontekstdə diplomat BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda böyük uğurla keçirildiyini xatırladıb və Bruklin merinə burada yaşayan Azərbaycan icmasına göstərdiyi diqqətə görə təşəkkür edib.
Festivalda “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi, “Pesvebi” gürcü mədəniyyət mərkəzi, “İberians” rəqs ansamblı və “Crane Musiqi Teatrı”nın yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Müğənni Rüfət Axundovun ifasında “Azərbaycan” mahnısı və “Səs Azərbaycan” musiqi müsabiqəsinin iştirakçısı Orxan Ağayevin ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.