Məşhur sənət əsərləri avanqard üslubda təqdim olunacaq

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində bu mədəniyyət ocağının 80 illik yubileyi münasibətilə muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılacaq.
Muzeyin fəaliyyətində yenilik olan bu innovativ layihə çərçivəsində sərgidə müasir rəssamların muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən məşhur rəssamlıq və heykəltəraşlıq nümunələri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərləri nümayiş etdiriləcək.
Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış kontekstində təqdim olunacaq.