İyunun 2-də Müasir İncəsənət Muzeyində Xalq rəssamı Hüseyn Əliyevin (1911-1991) əsərlərindən ibarət “Mənzərələr” adlı sərgi açılacaq.
Rəssamın təbiətin gözəlliklərini əks etdirən mənzərələri monumentallığı ilə seçilir, qeyri-adi koloriti ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Hüseyn Əliyev bu ifadəni tez-tez təkrarlayırdı: “Mənim müəllimim təbiətin özüdür!”
Uşaqlığı Zəngəzur və Naxçıvanda keçən rəssam təbiətin rəngarəng qammasının vurğunu idi. Bu vurğunluq onun hər bir əsərində, rənglərin palitrasında, yaradılmış obrazların reallığında hiss olunur.
Təsvirin heyranedici reallığı və rənglərə olan qeyri-adi hissiyyatı sayəsində Hüseyn Əliyev lirik və romantik mənzərələrin rəssamı kimi tanınıb. Onun yaradıcılığının əsas istiqaməti də bu idi. Parlaq rəng palitrası onun mənzərələrinin xarakterik xüsusiyyətlərindən biridir.
Müasir İncəsənət Muzeyində sərgi iyulun 2-dək davam edəcək.