YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın 7 gənc rəssamı və 7 modern incəsənət ustasının əsərlərindən ibarət “Müqavimət haqqında 300 söz” adlı qrup sərgisini təqdim edir.
Sərgidə rəssamlar Fərhad Fərzəliyev, İlkin Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova, Elturan Məmmədov, Həbib Saher, Zamir Süleymanov və modern incəsənət ustaları Eldar Ağamalov, Ənvər Əsgərov, Rasim Babayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov və Tələt Şıxəliyevin əsərləri yer alacaq.
“Müqavimət haqqında 300 söz” iki cür müqavimətin mövcudluğundan irəli gəlir: həm şəxsi, həm də siyasi. Vətəndaş cəmiyyətinin quruluşunda müqavimət mühüm sosial vəzifə daşıyır. Yeddi gənc Azərbaycan rəssamı müqavimət anlayışını araşdıraraq, ölkə gənclərini düşündürən gender münasibətləri, mədəniyyət stereotipləri və sosial-siyasi əminsizlik kimi əsas mövzuları bu sərgidə təqdim edirlər.
Nümayiş etdirilən yeni əsərlər XX əsrin 60-cı illərinin rəssamları tərəfindən yaradılmış köhnə əsərlərə üz tutur, onlarla söhbətləşirlər. Əksəriyyəti indiyəcən heç sərgilənməmiş həmin modern incəsənət əsərləri Sovet dönəmində meydana gəlmiş müqaviməti - sosialist realizminə və təbliğat incəsənətinə zidd çıxmağı əks etdirirlər. Modern incəsənət ustaları indi də yeni nəsil ölkə rəssamlarının etibarlı bünövrəsini təşkil edirlər.
Sərginin kuratorları Suad Qarayeva-Maleki və Björn Geldhofdur. Nümayiş olunan modern incəsənət rəssamlarının əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təqdim olunub.