Xəbər verildiyi kimi, 1-7 iyun tarixində Qazaxıstan paytaxtında “Astana axşamları” beynəlxalq musiqi festivalı keçirilib. Festivalda ölkəmizi Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi ilə “Cəngi” estrada-folklor ansamblı təmsil edib.

Səfərdən döndükdən sonra təəssüratlarını qəzetimizlə bölüşən M.Cavadov bildirdi ki, "Cəngi" ansamblı "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi və Qazaxıstanın “Deqdar" fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında festivalda iştirak edib. Builki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrdən musiqiçilər qatılıblar.
Ansamblın rəhbərinin sözlərinə görə, ötən il festivalın təşkilatçıları Azərbaycanda səfərdə olub, etno-caz kollektivlərinin çıxışlarını izləyiblər və “Cəngi”nin iştirakı məqsədəuyğun hesab edilib: “Biz festivalın bağlanış gecəsində çıxış etdik. Konsertdə Qazaxıstanın “Magic of nomads” etno-caz qrupu da bizimlə eyni səhnəni bölüşürdü. Hər iki kollektiv qarşılıqlı olaraq Azərbaycan və qazax musiqisindən bir nümunəni interpretasiya etdi. Qazaxların “Yapurayi” və bizim “Ay bala gəlin” mahnımızın (musiqisi Şahin Əbdülkərimovun, sözləri Molla Cümənindir) sintezi çox maraqlı alındı”.
Həmsöhbətim ifalarının maraqla qarşılandığını deyir: “Ölkəmizi uğurla təmsil etdik. Kollektivimiz festivala məsuliyyət və böyük həvəslə hazırlaşmışdı. Repertuarımızda yeni versiyada və aranjimanda olan əksər musiqiləri ifa etdik”.
Mircavad müəllim festivalda iştiraka görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və “Cəngi” qrupunun milli geyimlərini təşkil etdiyinə görə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya təşəkkürünü bildirdi.
Qeyd edək ki, Qazaxıstan səfərində “Cəngi”nin solisti Arzu Həsənli, Prezident təqaüdçüsü Mircavid Cəfərov, əməkdar artistlər Ruslan Hüseynov (bas-gitara), Kamran Kərimov (nağara), İsgəndər Ələsgərov (zərb alətləri), Coşğun Sadiqov (balaban), Lütfiyar Əliyev (saksafon), Tural Qasımlı və Vasif Hüseynli (piano) Azərbaycan caz musiqisi ənənələrini qazax dinləyicilərin diqqətinə çatdırıblar. Konserti Qazaxıstanın mədəniyyət xadimləri, bu ölkədəki səfirliyimizin nümayəndələri və diaspor təşkilatlarının təmsilçiləri də izləyiblər.

Lalə