Şamaxıda Mədəniyyət və Turizm Nazirliyinin, Meksikanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü, rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin dəstəyi ilə məşhur meksikalı rəssam Marqarita Moralesin “Rənglərin simfoniyası” adlı yaradıcılıq sərgisi açılıb.

Mədəniyyət mərkəzində keçirilən mərasimdə çıxış edən İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov sərginin yerli sakinlər və rayona gələn turistlər üçün maraqlı olacağını, bu cür tədbirlərin sənətsevərlərə dünya mədəniyyəti, incəsənəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını deyib.
Səfir Rodriqo Labardini də bu qəbildən tədbirlərin Azərbaycan ictimaiyyətinin Meksika mədəniyyəti ilə tanışlığına, iki xalqın mədəni əlaqələrinin inkişafına töhfə verdiyini bildirib.
Diplomat Marqarita Morales barədə məlumat verərək bildirib ki, rəssamın yaradıcılığının formalaşmasında ənənəvi Meksika mədəniyyəti ilə yanaşı, müasir incəsənətin müxtəlif üslublarının təsiri də duyulmaqdadır. Onun əsərləri Berlin, Madrid, Nyu-York və digər şəhərlərdə muzey və qalereyalarda nümayiş olunub.
Rəssam Marqarita Morales sərginin təşkilində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, Bakıdan sonra əsərlərinin Azərbaycanın bölgələrində də sərgilənməsindən məmnunluğunu ifadə edib.
Sonra tədbir iştirakçıları rəssamın əl işləri ilə tanış olublar. Sərgi iyunun 27-dək davam edəcək.