Deyilənlərə görə, dünyada nə qədər insan var, bir o qədər taleyin qisməti, alın yazısı var. Alın yazısından qismət payına düşənlərsə bir az oxşar, bir az fərqli olur.
İbrahim Vahabov 1948-ci ildə Lerikdə doğulub. Az sonra ailəsi ilə birgə Biləsuvar rayonunun Ağayrı kəndinə köçdüklərindən orta məktəbi orada bitirir. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur.


Gənclik illərinin “dadını” duymağa başlamışdı. Kiçik yaşlarından maraq göstərdiyi incəsənət sahəsinə meyilli olması özünü büruzə verirdi. Musiqi və rəssamlığa həvəsi onu cild-cild bədii ədəbiyyatlar oxumağa, bədii yaradıcılığa sövq edirdi. Zaman-zaman başa düşürdü ki, bu, çəkəcəyi rəsm əsərlərini təxəyyülün süzgəcindən keçirməyə, daha geniş dünyagörüşünə malik olmağa imkan verəcək. Bu məqsədlə çox oxuyub-öyrənmək istəyirdi. Təkcə Azərbaycanın müasir, klassik şair və yazıçılarının əsərlərinə deyil, dünya ədəbiyyatına da tez-tez müraciət edərdi. Hüqo, Höte, Heminquey, Balzak və s. Yazıçıların yaratdığı obrazlar düşüncələrinə hakim olardı. Bu rəngarəngliyə Ç.Aytmatovun əsərlərini daxil etməsi onu daha da təkmilləşdirər, düşüncələrini daha da dərinləşdirərdi.
İbrahim müəllim indi o illəri belə xatırlayır:
- Çingiz Aytmatovun bütün əsərlərini demək olar ki, əzbərləmişdim. Stolüstü kitabım isə Əyyub Abbasovun “Zəngəzur” romanı olub. Burada ermənilərin vəhşilikləri o qədər təsiredici təsvir edilib ki, bu səhifələri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yadımdadır, ağladığım belə vaxtlarda rəhmətlik anam yanıma gələr, məni ovundurmağa çalışıb deyərdi, ay oğul, nağıldır da, niyə ağlayırsan?!” Beləcə, həyatı nağıl bilən ailə üzvlərim, məni başa düşməzdi...Yaşam tərzim belə davam edərdi...
Bir qədər əvvələ qayıdaq. Gənc İbrahimin qayğısız uşaqlıq illəri. Orta məktəbin 5-6-cı siniflərində oxuyanda abunəçisi olduğu “Göyərçin” jurnalına, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərinə rəsmlər çəkib göndərərdi. Çox keçməzdi, həmin rəsmləri qəzet-jurnal səhifələrində görərdi. Yaradıcılığa başlayan bu balaca oğlanın böyük sevincini təsəvvür etmək elə də çətin deyildi. Çap edildikcə bu maraq, bu həvəs onu daha da cəlb edirdi. 7-8-ci sinif şagirdi olarkən, o, başa düşürdü ki, bunlar ötəri hisslər deyil. Öz aləmində xəyallar qurur, həmin hisslərlə yaşayırdı. Özünü rəssam kimi təsəvvür edir, tanınmış rəssamlara bənzədərdi. Qəlbində qəribə fantaziyalar qurardı: Hindistana gedib, orada rəsm əsərləri yaratmaq ən ümdə arzusu idi...
Romantik gənclik illəri. Bu romantik aləmdə daha nələr yox idi. Həyatsa öz axarında idi.
Günlərin birində İbrahimin atasının Bakının Qobu qəsəbəsində yaşayan Məhəmməd adlı müharibə yoldaşı onlara qonaq gəlmişdi. Əvvəlki gəlişlərində də İbrahimin sənət dünyasına bələd olduğundan və bu ab-hava ona da təsir etdiyindən İbrahimi özü ilə Bakıya gətirir. Məqsədi onu qohumu, Xalq rəssamı Qəzənfər Xalıqovla tanış etmək idi. Belə də etdi. O vaxtlar Qəzənfər müəllim Rəssamlıq Texnikumunun direktoru idi. O, İbrahimin müxtəlif mətbu orqanlarda çap olunmuş və digər rəsmlərinə baxır. Bu əl işləri onun çox xoşuna gəlir. Deyir ki, bu uşaq nadir istedaddır. 8-ci sinfi bitirən kimi gətirin yanıma.
Çox təəssüflər olsun ki, atası dindar olduğundan oğlunun sənət yolu ilə getməsinə mane olub. “Bu sənət dinə, şəriətə ziddir”, - deyib.
Doğma kəndlərinə qayıdıb orta təhsilini davam etdirən İbrahim Vahabov 9-cu sinifdə oxuyarkən “Kirpi” jurnalında bir miniatürü və karikaturaları dərc olunur. Bu, yaşadığı kənddə, o cümlədən təhsil aldığı məktəbdə böyük əks-səda doğurur.
Belə bir istedad sahibinin can atdığı ünvanın yarı yolundan qayıtması da onu inadından döndərə bilmədi. Amma yamanca dilxor idi. Belə bir məqamda dayısı ona qarmon alıb bağışladı. İbrahim sanki illərdən bəri yaşadığı mühitin ağrı-acılarını bu qarmondan çıxmaq istəyirdi. Ömründə əlinə qarmon almasa da, köhnə qrammofon vallarına qulaq asa-asa, öz üzərində saatlarla işləyib tez bir zamanda onunla “dil tapdı”. Hər dəfə barmaqlar şirmayı dillərə toxunub “nalə çəkəndə”, İbrahim gözlərini yumub, özünü dövrünün sənətkarı, məşhur qarmon ustası Teyyub Dəmirovun yerində hiss edirdi... Beləliklə, iki il idi bu işlə məşğul olurdu ki, kəndlərində onu musiqiçi kimi də tanımağa başladılar. Artıq onu el şənliklərinə, toylara dəvət edirdilər. Beləliklə, pul qazanıb ailəsinə maddi köməklik göstərirdi.
Eyni zamanda ali məktəbə imtahan verib, Pedaqoji İnstitutun tələbəsi oldu. Burada da özünün istedadı və hazırcavablığı ilə yoldaşlarından fərqlənməyi müəllimlərinin diqqətindən yayınmadı.
1973-cü ildə ali təhsilini başa vurub Biləsuvar rayonunun indiki İsmətli kəndinə qayıdıb orada çalışmağa başladı. Şagirdlərinə doğma dilimizin gözəlliyini aşılayıb öyrədir, sevib, sevdirirdi...
İbrahim müəllim 2003-cü ildə ailə üzvləri ilə birgə Bakıya köçür. Sabunçu rayonu Maştağa qəsəbəsindəki 295 saylı tam orta məktəbdə çalışır. Hazırda təqaüdçüdür. “Məhəbbəti ölməyə qoymayın” adlı kitabın və dörd almanaxda toplanmış povest, şeir və hekayələrin müəllifidir. Onu da qeyd edək ki, unudulmaz şairimiz M.Araz onun şeirlərini və rəsm əsərlərini çox sevib bəyəndiyindən baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında tez-tez çap edərdi.
İ.Vahabov sevdiyi rəssamlıq sənətinin incəliklərini iki oğluna da öyrətmişdir. Nahim Rəssamlıq Akademiyasını bitirib. Kiçik oğlu Nahid isə BDU-nun filologiya fakültəsinə qəbul olsa da, ailənin maddi çətinliyi üzündən təhsili yarımçıq qalıb. Oyma sənətini atasından mükəmməl öyrəndiyindən, hazırda o da oymaçı rəssamdır. Rəssamlar İttifaqının üzvüdür. Dünyanın beş ölkəsində əl işləri ilə Azərbaycanı təmsil etmişdir.
1980-ci ildə Azərbaycan Dövlət Rəsm Qalereyasında istedadları üzə çıxarmaq məqsədilə respublikanın həvəskar rəssamlarının ümumrespublika sərgisi keçirilmişdi. Oğlanları ilə bərabər, İbrahim müəllim də bu sərgiyə qatılmışdı. Sərgiyə qara qələmlə çəkilmiş eskiz, natürmort, yağlı və sulu boya ilə işlənmiş təbiət mənzərələri olmaqla 15 əsər təqdim etmişdilər. Mənzərə əsərlərinin hamısı mükafata layiq görülür. Rəy dəftərinə şair N.Kəsəmənli bu sözləri yazır: “İbrahim Vahabovun “Zuvandımın baharı” əsərində bütün Azərbaycan var”. Xalq rəssamı Hüseyn Əliyev də onun fırçasından çıxan əsərləri yüksək qiymətləndirir.
Dəfələrlə ağır xəstəliklərə düçar olmuş yaradıcılıq ruhlu istedad sahibi indi həyatının ağır günlərini yaşayır. Yataq xəstəsidir. Belə çətin günlərdə də qələmini yerə qoymur. Kövrək duyğulu şeirlər yazmaqda davam edir:

...Yanmaq istəyirəm bir ocaq kimi,
Kiminsə qəlbini isitmək üçün.
Olmaq istəyirəm dahi bir həkim,
Ölmüş arzuları diriltmək üçün...

- deyən İbrahim müəllimə şəfa, ruhuna isə yorulmadan yaratmaq arzulayırıq!

Zəminə Həmidova
jurnalist