Azərbaycan Milli İncəsənət Muzeyində Niderlandın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Əməkdar mədəniyyət işçisi, tanınmış fotoqraf Ələkbər Ağasıyevin fotolarından ibarət “Ələkbər Ağasıyev-Amsterdam” adlı sərgi təşkil olunub.

Tədbirdə çıxış edən Niderland səfiri Robert Jan Qabrielsen sərgi haqqında təəssüratlarını bölüşüb. Nümayiş olunan fotoların əsrarəngizliyinə toxunan diplomat müəllifin peşəsinə sonsuz sevgisinin çəkdiyi fotolardan hiss olunduğunu söyləyib. Səfir belə tədbirlərin iki ölkə arasında dostluq əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu sərgini yüksək dəyərləndirib. Bildirilib ki, Ələkbər Ağasıyev 1987-ci ildə çəkdiyi fotolarla tamaşaçını Amsterdama - bu nağılvari şəhərə səyahətə aparır. Qeyd olunub ki, fotoqraf şəhər sakinlərinin gündəlik həyatını, mədəniyyətini, tarixi və müasir tikililərini fotolarda əbədiləşdirib.
Qeyd edək ki, Ələkbər Ağasıyev Azərbaycan fotoqrafiya sənətinin inkişafına, bədii fotoqrafiyanın təbliğinə böyük töhfələr verib. Bir çox foto-kitab, plakat, açıqca və poçt markalarının müəllifi olub, beynəlxalq müsabiqələrin mükafatını qazanıb. Azərbaycanın görkəmli ziyalılarının portretləri seriyasına görə 2009-cu ildə “Humay” milli mükafatına, 2010-cu ildə bədii foto sənətinin inkişafında xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatına, 2015-ci ildə milli mətbuatımızın 140 illiyi münasibətilə Azərbaycan Prezidentinin sərəncamına əsasən Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Lalə