Səlim Turan çağdaş fransız təsviri sənət təmsilçiləri arasında yer aldığı kimi, türk rəssamlığında da mücərrəd rəsm anlayışının yaradıcılarından olub

Böyük türkçü, ideoloq Əli bəy Hüseynzadənin oğlu, rəssam və heykəltəraş Səlim Turanın imzası sağlığında Türkiyə və Fransada məşhur olub. Ölümündən sonra da o, Avropada mücərrəd rəssamlığın görkəmli nümayəndəsi kimi tanınmaqdadır. Fransada sənət təhsili alan və ömrünün çox hissəsini orada yaşayan rəssam bütün varlığını yaradıcılığa həsr edib.

Səlim Turan 1915-ci ildə İstanbulda anadan olub. Buradaca qeyd edək ki, Ə.Hüseynzadə çağdaş peşəkar Azərbaycan rəssamlığının əsasını qoyanlardan biridir. Bu baxımdan oğlu Səlimin rəssam olması təbii idi. Səlim ilk rəsm dərslərini Malik Akseldən alıb. 1935-ci ildə qəbul olunduğu İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasında Nazmi Ziya Güran, Feyhaman Duran, Leopold Levi və Zəki Kocamemidən rəsm, İsmayıl Altunbəzər, Nəcməddin Okyay, Kamil Akdikdən isə türk naxış və xətt sənətinin sirlərini öyrənib. Miniatür sahəsində də öz sözünü deyən S.Turan bu janrda çoxlu əsərlər yaradıb.
Onun Avropaya ilk səfəri 1938-ci ilə təsadüf edir. Bu səyahət rəssama yaradıcılıq baxımından çox şey verdi. Ən başlıcası, rəssamın Avropaya yolunu açdı və Paris, London, Romanın yaradıcı mühiti ilə bağlı aydın düşüncəsi formalaşdı. Avropadan qayıdandan sonra o, Üsküdarda orta məktəbdə və “Moda” qız sənət məktəbində müəllimlik etdi, Topqapı Sarayında miniatürlər üzərində çalışdı.
Yaradıcı şəxs kimi o, Türkiyəni gəzməyi çox sevirdi. İlk dəfə 1941-ci ildə ölkə üzrə yaradıcı səfərlərə çıxır. Səlim bəy həmin günləri belə xatırlayırdı: "Bodrumda üç aydan artıq oldum. Bələdiyyə mənə bir yer vermişdi, orada qalırdım. Süngərçi (süngər - suda qayalıqlara yapışaraq yaşayan birhüceyrəli dəniz canlısı, təmizlik işlərində istifadə olunub - red.) təknəsi ilə Mərmərəyə, Datçaya, Fəthiyəyə gedib rəsmlər çəkib yenidən geri qayıdırdım”.
Muğlanın da gözəlliklərini çəkən rəssamın günümüzə gəlib çatmayan “Tütünçülər” əsəri onun 1942-ci il sərgisinin diqqətçəkən nümunələrindən biri olub. Bundan başqa, “Bodrum mənzərəsi”, “Muğlada bazar”, “Süngərçi təknəsi” kimi rəsmlər də ölkəiçi səfərlərin təsirilə yaranıb.
İkinci Dünya savaşının sona çatmasıyla Qərbdə yaşanan yeni proseslər Türkiyəni də təsirinə salır. 1947-ci il rəssamın həyatında yeni dönəmin başlanğıcı olur. Həmin il Səlim Turan Fransa hökumətinin icazəsiylə Parisə gedir. Orada müxtəlif emalatxanalarda işləyir, muzeyləri gəzir, yaradıcı sənət çevrələrinə qatılır. Çox keçmir ki, Parisdəki mücərrəd rəssamlıq S.Turanı da təsiri altına alır. Hans Hartung, Soulages kimi rəssamlarla yaxınlığı onun bu istiqamətə yönəlməsində önəmli rol oynayır. Qeyd edək ki, soydaşımızın dünyanın müxtəlif ölkələrində 40-a yaxın fərdi sərgisi açılıb. Onların çoxu Avropada baş tutub.
1975-1979-cu illərdə o, əsasən mərmər heykəllər düzəldir, ilk hərəkətli heykəllərini bu illərdə yaradır. 1976-1983-cü illərdə Fransadakı Goetz Akademiyasında rəssamlıqdan dərs deyir. Parisə getməzdən öncə kubizmə yönəlik mənzərələr, ictimai məzmunlu rəsmlər çəkən Səlim sonralar bütünlüklə mücərrəd sənətə yön alır. Şərq sənəti, xəttatlıq və Anadolu folklorunun təsirilə lirik və fiqurlu mücərrəd əsərlər yaradır. Ənənəvi xalq mövzularına müraciət edəndə belə S.Turan qarışıq texnikalarla yaratdığı əsərlərində hərəkətliyə üstünlük verirdi. Onun ən son yaratdığı heykəllərindən biri 1993-cü ildə İstanbuldakı Qurtuluş parkında qoyulub.
Məşhur soydaşımız Fransanın bir çox yerində çəkdiyi freska, keramika və mozaika pannoları, heykəlləri ilə tanınır. Səlim bəy həyatının önəmli bir hissəsini Paris kimi böyük sənət mərkəzində rəssam və heykəltəraş olaraq keçirib, özündən sonra sənət aləmində layiqli ad qoyub.
Rəssam 1953-cü ildə Parisdəki Ranson Akademiyasında miniatür dərsləri verməyə başlayır. Akademiyada fəaliyyəti ona burada böyük maraq yaratmışdı. Onun miniatür sənəti sahəsində işləri mücərrəd sənətin yayğın olduğu bir şəraitdə yenilik idi və rəssamın öz yolunu tapması baxımından böyük önəm daşıyırdı.
Onun mücərrəd əsərlərində hərəkət və ritmi ifadə edən cizgi, ləkələrin əmələ gətirdiyi kompozisiyalar ən çox diqqətçəkən məqamlardandır. S.Turan özünəməxsus əsərləriylə çağdaş fransız təsviri sənət təmsilçiləri arasında yer aldığı kimi, türk rəssamlığındakı mücərrəd rəsm anlayışını yaradan ən önəmli adlardan biri olub. Həyatının çoxunu Parisdə keçirən sənətkar Türkiyədə də sərgilər açıb.
Səlim Turan 13 oktyabr 1994-cü ildə Parisdə həyatdan gedib. Onun istəyi Türkiyədə, atası ilə bir məzarda basdırılmaq imiş. Rəssam bu vəsiyyətinə uyğun olaraq İstanbuldakı Qaraca Əhməd məzarlığında atasının yanında torpağa tapşırılıb.

S.Qaliboğlu