Özbəkistandakı yay düşərgəsində əyləncəli tədbir keçirilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin himayəçilik etdiyi 30 nömrəli internat məktəbinin Çervak istirahət zonasındakı yay düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.
Mərkəzin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, qurumun uşaq evləri ilə bağlı layihələri barədə danışıb. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında məlumat verib.
Tədbirin bədii hissəsində uşaqlar arasında viktorina keçirilib, Azərbaycanın və Özbəkistanın dövlət simvolları, mədəniyyəti, ədəbiyyatına dair sualları cavablandıran uşaq və yeniyetmələrə hədiyyələr verilib.
Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, internat məktəbinin şagirdləri isə dünya xalqlarının rəqslərini ifa edib, şeirlər söyləyiblər. Tədbirin sonunda təxminən 150 uşağa sovqatlar, kiçik ölçüdə bayraqlar, ölkəmizin mədəniyyətinə dair suvenirlər hədiyyə edilib. Uşaqlar plova, meyvə və şirniyyata qonaq ediliblər.