İyulun 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq rəssamı Vidadi Nərimanbəyovun (1926-2001) anadan olmasının 90 illiyi münasibətilə yubiley sərgisi keçiriləcək.
Vidadi Nərimanbəyov Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.
Azərbaycanda, keçmiş SSRİ respublikalarında, eləcə də Bolqarıstan, Rumıniya, Finlandiya, Çexiya, Macarıstan kimi 20-dək xarici ölkədə sərgiləri təşkil edilib.
Rəssamın əsərləri Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.
Yubiley sərgisində rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaq.