“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin təşkilatçılığı ilə Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət beynəlxalq bədii sərgisi açılıb.

Açılışda çıxış edən sərginin kuratoru Məhparə Abbasova sərginin ümumi konsepsiyasından (“episkeptis” yunan dilindən tərcümədə “qonaq”, “kimisə dostcasına ziyarət edən şəxs” deməkdir) əhəmiyyətindən danışıb. Gəncədə ilk dəfə incəsənət sahəsində alternativ sektora müraciət edib belə bir sərginin təşkilinə nail olduqlarını söyləyib.
Gənc şüşə rəssamı, S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının tələbəsi Məhər Məhərrəmov sərginin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Sərgidə Gəncəyə qonaq gələn S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və gəncəli dekorativ-tətbiqi sənət rəssamlarının şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri təqdim olunub.
Ekspozisiyada Anna Butina, Anna Kulikova, Mariya Melniçuk, Yekaterina Tarasova, Mariya Smirnova, Aleksey Drojdin və başqaları, Gəncə rəssamlarından isə Məhər Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova, Ləman Kazımova və digərlərinin ümumilikdə 30 əsəri nümayiş etdirilib.
Sonda bütün sərgi iştirakçılarına sertifikatlar təqdim edilib.