Fəxriyyə Xələfova Avropa moda mükafatına layiq görülüb

Vyanada “Fashion for Europe” moda festivalı keçirilib. Vyana Dövlət Operasında “Moda ilə körpülər quraq” devizi altında təşkil edilən beynəlxalq tədbirdə ölkəmizi tanınmış rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova təmsil edib.
Avropanın müxtəlif ölkələrindən brend və dizaynerləri bir araya gətirən festivalın əsas hədəfi moda rəngarəngliyini nümayiş etdirməkdir.
Festivala ikinci dəfə qatılan rəssam-modelyer Fəxriyyə Xələfovanın təqdim etdiyi kolleksiya həm tamaşaçılarda, həm də moda ekspertlərində böyük maraq doğurub. Azərbaycanlı modelyer geyim kolleksiyasına görə festivalın “European Fashion Award 2016” mükafatına layiq görülüb.
Azərbaycanlı dizayner Avstriyanın ORF kanalına müsahibəsində uğur düsturundan söz açıb: “Uğurlarımın sirri işimə əzm və xüsusi məsuliyyətlə yanaşmağımdadır, çünki yaradıcılığımda əsas diqqəti hazırladığım geyimlərlə Azərbaycanın geyim mədəniyyətini yüksək səviyyədə tamaşaçılara çatdırmağa yönəldirəm. Geyimlərin nümayişi zamanı bütün şou bir vəhdət şəklində təqdim olunur. Bu zaman çalışıram ki, təqdim etdiyim kolleksiya həm tamaşaçıların, həm də moda ekspertlərinin zövqünü oxşasın”.
Azərbaycanlı dizaynerin kolleksiyasının təqdimatı zamanı musiqi kompozisiyası da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bəstəkar Eldar Mansurovun “Humayun” kompozisiyası geyimlərdəki milli üslubla ahəng yaradıb.
Festivalın qalibi olaraq Fəxriyyə Xələfova ilin sonunadək Avropada keçiriləcək moda festivallarına fəxri qonaq qismində dəvət alıb.