İyulun 26-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Türkiyədə yaşayan soydaşımız, animasiya rəssamı Elçin Orucovun “Tartoniya aləmi” adlı sərgisi açılıb.

Tədbirdə Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək Elçin Orucovun animasiya yaradıcılığından danışıb.
Bildirilib ki, 20 ildən artıq Ukraynada, 2013-cü ildən isə Türkiyənin İzmir şəhərində yaşayan Elçin Orucov əslən naxçıvanlıdır və animasiya sahəsində uğurlu fəaliyyət göstərir. Rəssam soydaşımızın adı yaratdığı animasiya personajlarının (tartoniyalar) sayının çoxluğuna görə “Ginnesin rekordlar kitabı”na düşüb.
Daha sonra rəssam Elçin Orucov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, müəllifi olduğu animasiya personajları haqqında sənətsevərlərə geniş bilgi verib.
Qeyd edib ki, “Tartoniya” pozitiv konsepsiyalı bir animasiya layihəsidir. Biz ssenarilərimizlə uşaqlara bağışlamağı, sevməyi, dostluğu, gücsüzləri müdafiə etməyi, böyüklərə hörməti, valideynlərin sözünə qulaq asmağı və başqa insani dəyərləri öyrədirik. Uşaq dünyasının problemlərini tartoniklərin dili ilə həll etməyə çalışırıq. Tartoniklər uşağı da, böyüyü də cəlb edir.
Sonda Elçin Orucovun animasiya filmi nümayiş etdirilib.
“Tartoniya aləmi” sərgisi bir həftə davam edəcək.

Soltan