İyulun 29-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc fotoqraf-rəssam Babək Sübhaninin «Human» adlı ilk fərdi sərgisi açıldı.

Sərgiyə gələnlərin əksəriyyətinin Azərbaycanın çağdaş kino və teatr aləmindən olması işarə edirdi ki, açılışına toplaşdığımız sərgi sənət adamlarına həsr olunub. Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan sərgi «Media Company» şirkətinin «İmzamı tanı» layihəsi çərçivəsində növbəti tədbirdir.
Açılışda çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bu sərgi salonunun hər zaman fotoqrafların üzünə açıq olduğunu, təmsil etdiyi yaradıcılıq qurumunun gəncləri dəstəklədiyini diqqətə çatdırdı.
Tanınmış kinooperator və fotoqraf, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, Xalq artisti Ramiz Novruz, Əməkdar artist Vidadi Həsənov gənc fotoqrafı ilk sərgi münasibətilə təbrik etdilər, ona uğurlar arzuladılar.
Təxminən 80 fotoəsərin toplandığı sərgidəki ağ-qara portretlərin əksəriyyətinin qəhrəmanları da sərginin açılışına gəlmişdilər. Fotolardan görünürdü ki, müəllif müasir Azərbaycan teatrına bələddir, həm də «Yuğ» və Pantomim teatrlarını çox sevir, bu teatrlarda çalışanları sadəcə səhnədən seyr etmir. Daha çox teatr və kinodan tanınan insanların portretlərində də sərginin adına uyğun olaraq insan amili qabardılır.
Gənc fotoqraf sərgisində mim obrazlar vasitəsilə qadına qarşı şiddət, cəmiyyətin insan intiharlarına biganəliyi kimi problemləri qabardan quraşdırılmış foto səhnələrinə də yer ayırıb. Sərgi avqustun 5-dək davam edəcək.

G.Mirməmməd