YARAT Müasir İncəsənət Məkanı yerli yaradıcı fərdləri “ARTIM-2017” layihəsində iştirak etməyə dəvət edir. Layihədə bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür. Layihə hər kəs üçün açıq və ödənişsizdir.
Başlıca məqsəd ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.
YARAT təşkilatı müsabiqənin nəticələrinə dair seçilmiş rəssamları 2016-cı il oktyabrın ortalarında elan edəcək. Proqramda seçilmiş sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş etdiriləcək. İştirakçıların yaşı 18-dən aşağı olmamalıdır. YARAT hər bir seçilmiş layihəyə kuratorluq və inzibati dəstəyini göstərəcək, eyni zamanda bütün reproduksiya formalarında (kataloqlar, təqdimatlar və bukletlər də daxil olmaqla) dərc etmək, əsərlərdən reklam və məlumatlandırıcı materiallar (açıqcalar və plakatlar) məqsədilə istifadə etmək hüququna malikdir. Qaydalara görə CV, portfolio və doldurulmuş müraciət forması artim@yarat.az email ünvanına göndərilməlidir. Ərizələrin son qəbul tarixi 30 sentyabrdır. Əlavə məlumat üçün YARAT Müasir İncəsənət Məkanının proqramlar üzrə koordinatoru Azər Abdullayevlə əlaqə saxlamaq mümkündür (azer.a@yarat.az).