Tayvanda iyulun 15-dən avqustun 15-dək Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 11 nömrəli onbirillik Musiqi məktəbi və Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edib.
Festival çərçivəsində Azərbaycan günü keçirilib. Xalq çalğı alətlərindən nağarada “Ritmlər”, tarda “Şur”, kamançada “Mahur”, eləcə də qarmonda “Segah”, klarnetdə “Çahargah”, pianoda “Bayatı-Şiraz” muğamları və “Aysel-Buta” rəqs qrupu tərəfindən “Yallı”, “Nəlbəki”, “Naz eləmə” rəqsləri ifa olunub.
Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. Festivalda, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü də təşkil olunub.