Kanadanın Alberta əyalətindəki Kalqari şəhərində keçirilən irs festivalında ölkəmiz də təmsil olunub.
Festivala 20-dən çox ictimai birlik və diplomatik nümayəndəlik qatılaraq, öz xalqlarının mədəniyyətlərini, musiqilərini və milli mətbəxlərinin nümunələrini sərgiləyiblər.
Azərbaycanın Kanadadakı səfirliyi və Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti ölkəmizin zəngin mədəniyyətinin və milli mətbəximizin tanıdılması məqsədilə festivalda guşə təşkil edib. Guşədə tarix və mədəniyyətimizlə bağlı kitablar, milli geyimlər, suvenirlər və ölkəmizlə bağlı broşürlər nümayiş olunub.
Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Famil Qarayev bildirib ki, festival çərçivəsində guşəni ziyarət edənlərə milli mətbəximizin nümunələri təqdim olunub, Azərbaycanla bağlı həqiqətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
Tədbirdə “Azəri Kalqari” qrupunun gənc üzvləri milli rəqslərimizdən nümunələr ifa ediblər. Onların çıxışları böyük maraqla qarşılanıb.
Kanadada Kalqari multikulturalizm şəhəri kimi tanınır. Azərbaycanda elan olunan “Multikulturalizm ili”ndə ölkəmizin bu festivalda təmsil olunması xüsusi əhəmiyyət kəsb edirdi. Kalqaridə yaşayan və müxtəlif milli, dini mənsubiyyəti olan yüzlərlə insan festivalda Azərbaycanın multikultural dəyərləri ilə tanış olmaq imkanı qazanıb.