Sərgi-müsabiqə keçiriləcək

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı sərgi-müsabiqə təşkil olunacaq. Tədbir “Art Villa” qalereyasında baş tutacaq.
Layihə ölkəmizin milli-mədəni irsinin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçirilir.
Gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillər nümayiş olunacaq. Layihə, həmçinin mədəni irsin öyrənilməsində müasir texnologiyaların tətbiqinə, eləcə də mədəni turizmə töhfə verəcək.
Qeyd edək ki, sərgiyə memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş fotolar təqdim olunmalıdır. Fotolar sergi@artscouncil.az elektron ünvanına göndərilməlidir. Hər iştirakçı son üç il ərzində çəkilmiş 5-dək foto göndərə bilər.