“Nərimanfilm” kinostudiyası “Sahə” (The Precinct) bədii tammetrajlı filminin (ssenari müəllifi və rejissor İlqar Safat) istehsalının tam başa çatdığını xəbər verir. Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olan, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gələn film məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən danışır.
   
   Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa etmişlər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, filmin prodüseri Nəriman Məmmədovdur.
   Məşhur Britaniya ssenaristi, bir çox filmlərdə ssenari üzrə məsləhətçi Kler Douns flim haqqında öz fikirlərini bildirib: “Sahə” hekayəsi maraqlı janrlar kəsişməsini - fövqəltəbiilik ilə misteriyanı - özündə birləşdirir və bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir. Hadisələr Bakıda cərəyan edir və Bakı özlüyündə beynəlxalq auditoriya üçün böyük maraq kəsb edir”.
   Filmin Azərbaycanda premyerası payız aylarına planlaşdırılır.
   
   Yeganə