“Farenqeyt 9/11”in sirləri
   
   Kinorejissor Maykl Mur hələ məktəb illərindən aktiv siyasi fəaliyyət göstərib. 22 yaşında isə “Flint Voys” (Miçiqan ştatı) adlı şəxsi qəzetini nəşr etdirməyə başlayıb, bu qəzetdə satirik materialları ilə diqqət mərkəzində olub. M.Muru Amerikanın məşhur publisisti kimi tanıyırlar. Onun “Mənim ölkəm haradadır?” kitabı Amerika bestsellerlərinin siyahısında ön sıralarda yer tutub. Kinoya isə 1989-cu ildə “Rocer və mən” adlı sənədli filmiylə gəlib. Film M.Murun doğma şəhəri Flintin timsalında Amerikadakı iqtisadi böhrandan bəhs edir. Məşhur “Kolumbina üçün boulinq” (2002) filmi ABŞ-da təbiətin məhv edilməsindən danışır. Film Kann festivalında jürinin xüsusi mükafatını almış, bir ildən sonra isə “Oskar”a layiq görülmüşdü. Mükafatın təqdimat mərasimindəki çıxışında o, Amerika prezidenti Corc (oğul) Buşa yeritdiyi siyasətə görə etirazını bildirmişdi. 
     
   O, respublikaçı administrasiyanın kiçik, amma ən görkəmli rəqibi olub. Öz piarının dahisi olan M.Mur hamıya məlum olan həqiqəti təkrar edir, amma bunu elə edir ki, onu dinləmək istəyirsən. M.Mur ölkəsinə pislik istəmir, amma onun cavabları diaqnoz kimi yox, hökm kimi səslənir: “ABŞ-da hər gün xəbərlər vəhşilikdən, terror aktından, bombalardan, oğrulardan, qatillərdən və bu kimi dəhşətli hadisələrdən söhbət açır. Ölkə “Əl-Qaidə”dən qorxur, ona görə də silahlanır, müharibə edir, ona görə onun vətəndaşları ölür”.
   Çaxnaşma cəmiyyətin daimi vəziyyətidir, amma bu çaxnaşma yaxşı satılır və ondan çıxış yolu görünmür. Lakin xeyirxah Mur çıxış yolu axtarır, onun silahı isə kəskin satiradır.
   
   “Farenqeyt 9/11” tamaşaçını nə ilə cəlb edir?
   
   Maykl Murun “Farenqeyt 9/11” filmi ona dünya şöhrəti gətirdi. O, filmin eyni zamanda rejissoru, ssenari müəllifi və prodüseridir. Filmdə ixtiyari və qeyri-ixtiyari olaraq aşağıdakılar iştirak edib: Maykl Mur, ata Corc Buş, oğul Corc buş, Bill Klinton, Albert Qor, Səddam Hüseyn, Üsəma bin Laden, Kolin Pauel və başqaları. “Farenqeyt 9/11” 2004-cü ildə Kann kinofestivalında “Qızıl palma budağı”nı alaraq sənədli kino tarixində ən gəlirli (200 milyon dollar) film olub.
   Görəsən, rejissorun tamaşaçı auditoriyasını belə cəlb etməsinə səbəb nədir? 11 sentyabr mövzusu buna səbəb ola bilməz. Çünki dünyada 11 sentyabr, kiçik və böyük Buş, “Əl-Qaidə” və Səddam, Əfqanıstanda və İraqda müharibə, bu müharibələrdə həlak olan əsgərlər haqqında onlarla film çəkilib.
   İlk növbədə onu qeyd edək ki, M.Murun özünəməxsus siyasi janrı var. Bu, birbaşa mənada sənədli film deyil, baxmayaraq ki, kadrarxası şərhlər, montaj və səs ilə oyun - bütün bunlar məhz sənədli filmlərdə olur. Tamaşaçının özünə imkan verilmir ki, ekrana baxanda maraqlandığı suala cavab versin. Məqsəd odur ki, cavab axtaranların beyninə “təkcə rejissor haqlıdır” fikri doldurulsun.
   Hərçənd Muru bəyənməyənlər (o cümlədən həmkarları arasında) da var. Avstraliyalı rejissor Corc Qittos isə hətta onu plagiatlıqda günahlandırıb. Guya Maykl filmində onun “Müharibə saundtrekti” filmindən 17 epizoddan istifadə edib. C.Qittosun bildirdiyinə görə, Mur “kabinet rejissorudur” və real müharibə hadisələrindən başı çıxmır.
   
   Göz yaşları, İraqdan gələcək gəliri bölən biznesmenlərin gülüşü

   
   Film doğrudan da mübahisəli fəndlərlə doludur. “İraq müharibəsində Corc Buş günahkardır. O, Üsəma bin Ladenlə münasibətləri barədə əhalidə yanlış münasibət yaradır. Əsas məqsəd neft şirkətlərinin köməyi ilə gəlir əldə etməkdir. Günahsız insanlar əzab çəkəcəklərsə, bu vacib deyil” - M.Mura görə həqiqət budur. O, filmdə məhz bunu tamaşaçıya çatdırmaq istəyir.
   “Farenqeyt 9/11” bir dənə də olsun quraşdırılmış kadrdan istifadə edilməyən ilk sənədli film oldu. Əslində film jurnalist araşdırmasından uzaqdır, çox emosionaldır. İncə yumor, kəskin satira və istehza, lazım olan yerlərdə teatrallıq, səmimi dramatizm, real həyatdan götürülən hadisələr - hamısı Murun silahı kimi proqram üzrə qurulub. Faciə iki saat ərzində bir-birini əvəz edir: göz yaşları, qəbirlər, İraqdan gələcək gəlirini bölən biznesmenlərin gülüşü. “Bütün hadisələrin başında İraqa hücum edən Buş dayanır” - bunu “Farenqeyt 9/11” filmi deyir.
   
   Əslində o kimdir?
   
   Başqa yerdə belə bir filmə görə müəllifi sərt cəzalar gözləyərdi, hətta onu öldürərdilər. Amerikada isə ata Corc Buş oğlunu hədəf seçmiş cəsur rejissoru “keçi” və “zibil torbası” adlandırmaqla kifayətlənib.
   M.Mur isə özünün əslində kim olduğunu aşağıdakı kiçik müsahibəsində açıqlayıb.
   - Niyə Amerikaya belə nifrət edirsiniz?
   - Mən hər şeydən öncə Amerika vətənpərvəriyəm, ölkəmi sevirəm və onun təməl prinsiplərinə ciddi riayət edirəm. Bu prinsiplərdən biri belədir: əgər bir dövlət sənə hücum etmirsə, sən də həmin dövlətə hücum edə bilməzsən! Mən vətənpərvərəm və o çoxluğa aidəm ki, onlar Corc Buşa səs verməyiblər. Buş ölkəni yalan üzərində qurulan müharibəyə sövq edib. Bundan da pis yalan olar? Nəyə görə yüzlərlə əsgər ölümə göndərilib? Buş ailəsi ilə bin Laden ailəsi arasında yaranan xüsusi münasibətlərin xatirinə.
   - Siz özünüzü Buş hakimiyyətinin düşməni kimi təqdim etmisiniz, amma kitablarınız nəşr olunub, filmləriniz prokata çıxıb, qəzetlər sizin haqqınızda yazıb...
   - Bu, kapitalizmin paradoksudur. Bu ona görədir ki, mən onlara həmişə pul gətirirəm. Onlar filmlərimin yayımlanmasına icazə verib və kitablarımı dərc etdiriblər, çünki mənimlə yaxşı pul qazanmaq olar. Mətbuata gəldikdə isə, mən özüm haqqında məqalələri artıq oxumuram. İş ondadır ki, onlar mənim haqqımda yox, təxəyyüllərində yaratdıqları hansısa “Maykl Mur” personajı haqqında yazırlar.
   - Hər halda siz Amerikada “Farenqeyt 9/11” üçün pul tapdınız?
   - Bizim layihəni maliyyələşdirməli olan şirkət Mel Gibsonun idi. Biz müqavilə imzaladıq, hesaba pullar gəlməyə başladı və birdən hər şey dayandı. Sən demə, ona zəng edib “Əgər bu layihədə iştirak etsəniz, daha Ağ evə dəvət gözləməyin” deyiblər.
   - Ağlınıza necə gəldi ki, Buş və bin Ladenin əlaqələrini araşdırasınız?
   - 11 sentyabrda həyat yoldaşımla Los-Ancelesdə idim, qızımız isə Nyu-Yorkda. Biz az qala dəli olmuşduq, bir neçə saat ərzində onu tapa bilmədik. Bir ay sonra isə jurnalda məqalə oxudum. Orada bin Laden klanının 24 nümayəndəsinin ABŞ-da rahatca yaşaması və bizneslə məşğul olmasından bəhs edilirdi.
   
   Hazırladı: İntiqam Hacılı