Məşhur rejissorun qızı kinoda atasının deyil, öz yolu ilə getdiyini deyir
      
   Ötən həftə sona çatan 67-ci Venesiya kinofestivalının baş mükafatı olan “Qızıl şir” bu dəfə məşhur rejissor Sofia Koppolaya qismət oldu. Rejissorun “Başqa bir yerdə” filmi əvvəldən festivalın favoritləri sırasında idi. Qeyd edək ki, xanım Koppola filmin həm də ssenari müəllifi və prodüseridir.
   
   Film ağır mənəvi sarsıntılar yaşayan bir Hollivud aktyorunun taleyindən bəhs edir. Gözlənilmədən ona 11 yaşlı qızının baş çəkməsindən sonra aktyor öz həyatını analiz edir və onu dəyişmək üçün özündə güc tapır. Bəzilərinin fikrincə, film real faktlar əsasında çəkilib və Sofia əslində atası ilə uşaqlıqda olan münasibətlərini önə çəkib. Qeyd edək ki, Sofia məşhur rejissor Frensis Ford Koppolanın qızıdır. O, hələ uşaq ikən atasının «Xaç atası» filmində rol alıb. Sonradan Sofia bir neçə başqa rejissorların filmlərində oynasa da, aktrisa kimi uğur qazana bilməyib və oyununa görə tənqidçilərin şiddətli tənqidinə tuş gəlib. Aktrisalığa son qoyan Sofia özünü istedadlı rejissor kimi təsdiqləyib. Hələ 18 yaşında o, «Nyu York hekayətləri» filmində atasının rejissoru olduğu novellalardan birinin ssenarisini onunla birlikdə yazıb. «İntihar edən bakirələr» filmi ilə mütəxəssislərin diqqətini çəkən Sofia böyük kinoda öz sözünü «Tərcümənin çətinliyi» komediyası ilə deyib. Film 2003-cü ildə ən yaxşı ssenariyə görə “Oskar” mükafatı alıb.
   Almaniyanın «Süddetsche Zeitung» qəzetinə müsahibəsində Sofia Koppola öz yaradıcılığı barədə maraqlı açıqlamalar verib:
   - «Tərcümənin çətinliyi» filmində iki tənha amerikalı Tokioda rastlaşır və şəhəri gəzərkən gözlənilməz vəziyyətlərə düşürlər. Siz özünüz necə, səfər zamanı yadlaşma hissini yaşayırsız?
   - Avropada yox, amma Asiyada bu hissi yaşayıram. Mən Tokioda olanda özümü hələ həyatda heç zaman evdən uzaqda bu qədər yad, qərib hiss etməmişdim. Tokioda bu şəhərə aludə olan bir neçə dostum yaşayır. Amma bu şəhər mənə tam qəribçilik hissini yaşatdı. Orada gördüklərimin heç biri mənə doğma gəlmirdi, hətta məni yenidən həyəcanlandıran, maraqlı, stimul verən şeylər belə.
   - Musiqi kinoda kifayət qədər vacib amildir. Siz ssenarilərinzi musiqi dinləyərkən yazırsız?
   - Bəzən ssenarilərin hissələrini birbaşa yazıram, bəzən özümü xəyalən sevdiyim mahnı və ya səs olan yerdə hiss edib yazıram. Xüsusən də çox gənc olakən eşitdiyim musiqiləri dinləmək mənim üçün vacibdir. «İntihar edən bakirələr» filmindən sonra romantik bir şey çəkmək istəyirdim. İstəyirdim ki, film orta yaş böhranını məhz Tokioda yaşayan bir kişi haqqında olsun.
   - Düşünmək olardı ki, filmdəki gənc qadınla sizi birləşdirən nələrsə ola bilər. Yoxsa siz bu süjetin sizlə birbaşa əlaqəsi olduğunu düşünmürsüz?
   - Bu ağlıma gəlməyib. Bayaq dediyim kimi, əsas məqsədim insanların yaşla bağlı yaranan böhranını verməkdir. Hətta mən artıq bilirəm ki, qocalıq hissini necə vermək olar. Bu elə bir məsələdir ki, onu hər kəs yaşayır.
   - Siz rejissor kimi fəaliyyətə çox erkən başlamısınız, bu fəaliyyətiniz uzun müddət davam etməyə bilər?
   - Mən əvvəllər peşəmdə uğursuzluğa düçar olmuşdum. Məni də bu fikirlər narahat edirdi ki, ola bilər, 50 yaşında ayılacağam və düşünəcəyəm ki, ilahi, gərək mən heykəltəraş və ya başqa bir sənət sahibi olaydım. 20 yaşım olanda mümkün olan hər şeylə maraqlanırdım və o zaman içimdə yalnız bu hiss vardı ki, mən yəqin ki, heç bir bir peşədə doğrudan da özümü təsdiqləyə bilməyəcəm. Özümü nəyəsə tamlıqla həsr etməyə səbrim çatmırdı. Amma sonra çəkdiyim qısa film özümün xoşuna gəldi.
   - Ailənizin digər üzvləri də məhz bu sənətdə çalışırlar, rəqabətdən qorxmursunuz?
   -Yox. Mən inanıram ki, aramızda kəskin, sərt rəqabət yoxdur. Bu həm də qısa film idi, hər halda o zaman böyük təzyiq olmadı.
   - Sizin qardaşınız da rejissordur və «Tərcümənin çətinliyi» filmində birgə çalışmısınız.
   - Mən və qardaşım heç zaman rəqabət aparmamışıq. Onun çəkdikləri mənim xoşuma gəlir. Və mənim heç zaman qorxum olmayıb ki, o məndən daha yaxşı rejissordur.
   - Bəs sizin atanız? O sizin prodüserinizdir və valideyniniz sizə nə etməli olduğunu deyəndə yetkin insan olaraq bunu necə qəbul edirsiz?
   - Bu mənim heç xoşuma gəlmir. Əgər o mənə nəsə təkliflər verirsə, bəzən onu nəzərə alıram. Bəzən isə yox. Bir filmi müxətlif cür, amma eyni zamanda yaxşı çəkmək olar. Atam məni həmişə dəstəkləyir, amma mənə dediyi şeyləri öz filmlərində etsə yaxşıdır. Mən ondan çox şey öyrənmişəm, məsələn, onun aktyorlarla iş üslubu, iş metodunun bəzilərini mənimsəmişəm. Amma biz tamamilə fərqli adamlarıq. Elə filmlər çəkməyə və elə məsələləri qabartmağa çalışıram ki, bir rejissor bunu məhz belə etməyi arzulasın.
   
   Sevda Əliəşrəfqızı