Moskvadakı “Digər fəza” festivalında Azərbaycan bəstəkarı Fərəc Qarayevin əsəri səslənib
“Bu konsert Rusiyanın musiqi həyatında dönüş nöqtəsinə çevriləcək. Rusiyada ilk dəfə ikinci avanqard dövrün ən möhtəşəm əsəri - alman bəstəkarı K.Ştokhauzenin üç orkestr üçün “Qruplar”, görkəmli Azərbaycan bəstəkarı Fərəc Qarayevin Motsarta sevgi etirafı olan “1791” serenadası və italyan bəstəkarı Luçano Berionun 1968-ci ildə ilk ifadan sonra yeni musiqinin klassikasına çevrilmiş “Simfoniya” əsərləri səslənəcək”.
Moskva Dövlət Akademik Filarmoniyasında “Digər fəza” V Beynəlxalq Aktual Musiqi Festivalının anonsunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı belə təqdim olunub. Rusiyanın ən böyük müasir musiqi forumlarından sayılan “Digər fəza” festivalı Moskva Dövlət Akademik Filarmoniyasında noyabrın 2-dən 6-dək davam edib.
Moskvalı sənətşünaslar yanılmamışdılar. Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moskvaya ezam olunmuş Azərbaycan orkestrinin çıxışını həqiqətən Rusiyanın musiqi həyatında hadisə adlandırmaq olar. Gecənin aparıcısı Müasir Musiqi Assosiasiyasının eksperti, sənətşünaslıq doktoru Rauf Fərhadov idi.
Müasir musiqinin “Dostoyevskisi” adlandırılan K.Ştokhauzenin (Karlheinz Stockhausen) “Qruplar” əsəri xüsusi yanaşma tələb edir. Əsəri üç orkestr qrupu üç dirijorun rəhbərliyi ilə səsləndirir.
P.İ.Çaykovski adına konsert salonunun səhnəsində Azərbaycan Simfonik Orkestri və Rusiya Dövlət Orkestri üç qrupa bölünüb. Hər qrupa ayrılıqda Fuad İbrahimov, Vladimir Yurovski və Filipp Çijevski dirijorluq edib. Müasir klassik musiqinin şah əsəri adlandırılan “Qruplar” Azərbaycan və Rusiya musiqiçilərinin birgə layihəsində möhtəşəm səslənib.
Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yadigarı, görkəmli musiqiçi Fərəc Qarayevin yaradıcılığı rusiyalı dinləyicilərə yaxşı tanışdır. Yerli tənqidçilər onun musiqisində neoklassizimdən və neoromantikadan muğam və caz notlarına, Avropa instrumental teatrından milli çalğı alətləri teatrına kimi böyük müxtəlifliyi qeyd edirlər. Fərəc Qarayevin 1983-cü ildə yazdığı “1791” serenadasını o dövr Azərbaycan musiqisinin ən parlaq, novator nümunəsi, milli klassik musiqimizin inkişafında yeni mərhələ adlandırırlar. Əsər sosialist realizminin hökm sürdüyü bir zamanda yazılmasına baxmayaraq, dövrün ənənələrindən və təcrübəsindən köklü şəkildə fərqlənə bilib, bəstəkarın mənəvi azadlığını və bədii seçim sərbəstliyini nümayiş etdirir.
XX əsrin klassiki sayılan Luçano Berionun “Simfoniya”sını Azərbaycan Dövlət Simfonik Orkestri 2013-cü ildə Bakıda təqdim etmişdi. Bu, italyan bəstəkarının əsərinin keçmiş sovet məkanında ilk ifası olmuşdu. Noyabrın 5-də əsərin Rusiya premyerası Azərbaycan musiqiçilərinin ifasında böyük uğurla gerçəkləşib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin uzun illərdən sonra Moskvada çıxışı sürəkli alqışlarla, böyük heyranlıqla qarşılanıb.