XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan maarifçi-mədəni mühitində öz fəaliyyəti ilə seçilən ziyalılardan biri də şair, publisist, tərcüməçi Mirzə Cəlal olub.

Mirzə Cəlal Ələkbər oğlu Yusifzadə 1861-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. İlk təhsilini atasından alıb, ərəb və fars dillərini öyrənib. İranın Kirman şəhərində 10 il İbrahim xan Qacardan dərs alır. Ərəb və fars dilləri üzrə biliklərini daha da möhkəmləndirir, dini və dünyəvi elmlərə vaqif olur. Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır.
Mirzə Cəlal Yusifzadə musiqi mədəniyyəti tariximizə Aleksandr Oqenezaşvili ilə 1910-cu ildə birgə yazdığı “Fərhad və Şirin” operasının müəllifi kimi daxil olub. Nizami Gəncəvinin eyniadlı poeması əsasında yazılan opera 6 mart 1911-ci ildə Bakıda tamaşaya qoyulub. Sənətşünas, professor Fərəh Əliyeva araşdırmasında yazır ki, M.Ə.Rəsulzadə 20 yanvar 1914-cü ildə “Fərhad və Şirin” operası haqqında “İqbal” qəzetində dərc etdirdiyi resenziyasında M.C.Yusifzadəni “münəvvər bir alim və vazeh məlumata sahib bir şərqşünas” adlandırıb.
Ədəbiyyatşünas alim, professor Asif Rüstəmli yazır ki, 1910-cu ilin oktyabr ayında “Kaspi”, “Zakavkazskoye obozreniye” və “Yeni həqiqət” qəzetləri öz səhifələrində “Fərhad və Şirin” operası haqqında məlumat dərc edib. Bildirilib ki, martın 6-da “Fərhad və Şirin” operasının tamaşası olacaq. Musiqişünaslar həmin opera üçün Asiya nəğmələrindən ibarət musiqi yazıb. O da diqqətə çatdırılır ki, Fərhad rolunu Cabbar Qaryağdıoğlu, Şirin rolunu isə Cəmil Nəcəfov ifa edəcək.
Mirzə Cəlal haqqında ilk dəfə yığcam məlumata şair, təzkirəçi və musiqişünas Mir Möhsün Nəvvabın 1892-ci ildə hazırladığı “Təzkireyi-Nəvvab” kitabında rast gəlinir: “Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir... Xoşqamət, xoşxasiyyət və xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır... Bəzən türkcə və farsca şeirlər yazır. Şeirləri, pərakəndədir, divanı yoxdur”.
Onun “Gəlməzmi”, “Çoban” şeirləri “Maarif və mədəniyyət” jurnalında dərc olunub. Bir şeirində müasiri olduğu şairlərin yaradıcılığını yüksək qiymətləndirir, onların etibar və sədaqətindən söz açır:

Əvvəl başda cənab Mümtaz,
Görcək həvəsin edərdi pərvaz.
Cavid, Cavad safi teynət,
Yazdıqları fənni şeirə zinət.

Mirzə Cəlal anadilli dərsliklərin olmadığı bir zamanda bu boşluğu doldurmağa can atır. “Hesab” adlı kitabı Qafqaz Canişinliyinin senzura idarəsinin icazəsi ilə 14 yanvar 1884-cü ildə işıq üzü görür. İbtidai məktəblər üçün hazırlanan bu dərslikdə müqəddimə və zəruri məlumatlar yer alır. “Cəlal” imzası ilə dərsliyin girişində yazır: “Bizim müsəlman məktəblərində fənni-hesab təlim olunmur. Səbəb dilimizdə mübtədilərə məxsus bir kitab olmamasıdır. Elmi hesaba olan ehtiyacımızı gizlətmək olmaz. Çünki bizim övladlarımız məktəbi başa vurduqdan sonra ticarət ilə məşğul olurlar. Ticarətdə isə hesabı bilmək zəruridir...”
Onun ikinci kitabı “Nəhyi-münkər” tərbiyə mövzusuna həsr olunub. Üç fəsildən ibarət olan kitabda müəllif türk gənclərinin mənəvi aləmindən bəs edir, onları zərərli vərdişlərdən uzaqlaşmağa çağırır. Maarif xadiminin 1912-ci ildə işıq üzü görən sonuncu kitabı “Ata-baba nəsihətləri” də tərbiyə mövzusundadır. M.C.Yusifzadənin həyat və fəaliyyətinin bir mərhələsi də Orta Asiya ilə bağlı olub. 1912-ci ildə Buxarada (Özbəkistan) çıxan ilk tacik qəzeti “Buxarayi-şərif”, eləcə də “Turan” qəzetinin redaktoru və naşiri olub. O, bununla tacik milli mətbuatının əsasını qoyub. “Buxarayi-şərif”in ilk sayının işıq üzü gördüyü gün - 11 mart tarixi Tacikistanda “Milli mətbuat günü” kimi qeyd edilir.
Mirzə Cəlal 1913-cü ildə Bakıya dönərək burada “Sədayi-Həqq” və “İqbal” qəzetlərində çalışıb. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzeti ilə fəal əməkdaşlıq edib. Cümhuriyyətin süqutundan sonra Cəbrayıl qəzasında və Bakıda müəllim işləyib.
Araşdırmalarda qeyd olunur ki, Mirzə Cəlal 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda tərcüməçi kimi iştirak edib. Mütəfəkkir şair Ömər Xəyyamın rübailərini dilimizə ilk tərcümə edənlərdən biri də Mirzə Cəlal hesab olunur.
Mirzə Cəlal Yusifzadə 1931-ci ildə Bakıda vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar