Eyzən tufan coşğulu, atom təlatümlü, hərdən də bəmi-ahəstə bəstələr bəstəkarı - Fikrət Əmirov

Sir-sifətcə, hər-hərəkətcə də bəstələri kimi qaynarca, diricə-duruca idi Fikrət Əmirov. Bu sənətkarın hətta göz qırpımlarından, hərdən qaşlarını çatıb, bizimçün məchul xəyallara dalmasından, müsahibini dinləmə poza-“doza”sından, çıxış-nitq kəlmələrindən, mətbu-kitab kəlamlarından da musiqi sədalanırdı. Və çox güman ki, qəlbimizə cənnəti-sarmaşıqtək sarmaşan “Şur”u, “dağlarımıza köhlən kimi dırmaşan” (S.Vurğun) “Azərbaycan kapriççiosu” onun belə-belə halətlərindən də qidalanırdı...

Hörmətli oxucularımız arasında bu sayaq bəstələri - surəti-halət “janr”lı musiqiləri də eşidəbilənlərin olduğuna əminliyimdən, daha bir neçə leksik-simfonik mətləbə toxunum...
Əvvəla ərz edim ki, fikrimiz, hər birinin öz “sarı sim”i və bəşəri dili olan musiqi alətlərinə getməsin, qələm - fitrəti bəstə və bəstəkarların layiqi təqdimi işində xeyli aciz “mizrab”dır. Bu hacəti-irfan alətiylə nə qədər külüng çalsan da, dahilərdən biri demiş, “onları bir kərə dinləməyin yerini verməz”. Bunlar gözlə görünən, əllə toxunulan maddi-mədəniyyət şedevrlərinin səda variantları. Kərpic-kərpic hörülən o monumental, çınqı-çınqı işlənən o ornamentlal abidələr gözləri necə oxşayırsa, takt-takt yoğurulub, xal-xal doğrulan bu mənəvi abidələr də qulaqları, könülləri, duyğuları eləcə qidalandırır. Hər millətin ümummənəvi halətini, mental duyğu-düşüncə portretini yarada bilməyin özü də bir mesenatlıq ki, - xalqlar bu tip xeyriyyəçilikdən maddi əltutmalara nisbətdə daha bərəkətli, uzunömürlü yararlanmalar görür; Bethoven, Motsart, Bize, Üzeyir, Qara, Fikrət şedevrlərinin Akropol, Eyfel, Qız qalası, Möminə Xatun möcüzələrindən daha çox yaşayıb, millətinə və bəşəriyyətə daha artıq şöhrət gətirəcəyinə kimin şübhəsi?!.
Nəhayət, adları çəkilən dahilərdən sonuncunun - “Şur”, “Kürd ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları kimi monumental “üçlük” müəllifinin -

Həyat və sənət dünyası

Tanrısal fitrətli, milli və bəşəri təranəli, dünya şöhrətli Fikrət Əmirov musiqisinin həzzinə varmaq su içimi kimi asan, ondan yazmaq - padşaha paltar biçimi kimi çətin. Xüsusən də əcnəbi yazarların yazdıqlarına, dediklərinə nisbətdə. Onun “Gülüstan-Bayatı-Şiraz”ı Amerikada səslənirkən bir jurnalistin yazdığı sözə baxın (!): “Bu ecazkar əsər səslənirkən, bizim cavan Amerika salonu qocaman Şərq xəyalatına dalmışdı...”
Bu qeyri-adi istedad 1922-ci il noyabrın 22-də Gəncədə məşhur sənətçilərdən sayılan şuşalı Məşədi Cəmilin adidən-adi evində-ailəsində doğulub. Orta məktəbdəki “istedadlı dəcəllik”, fəhm-fərasət bioqrafiyası ayrıca bir yazının mövzusu olan bu oğlan 20 yaşında Gəncə Filarmoniyasının, 23-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi - “sinninə natab, zehninə bab” vəzifələrə layiq görülüb. Camaat bir az yuxarı, orta, aşağı vəzifələrə ali məktəb bitirəndən sonra çəkilirkən, Fikrət Bakı Konservatoriyası təhsilinə qeyd etdiyim vəzifələrdən gedibmiş. Sonralar “...bütöv bir xalqdır!” epitetilə dəyərləndirəcəyi Ü.Hacıbəylinin, ardınca məşhur B.Zeydmanın siniflərində dərs aldığı konservatoriyanı 1948-ci ildə bitirmiş Fikrət hələ tələbəliyinədək əsl ustad nominasiyaları ilə qiymətləndiriləsi əsərlər bəstələmişdi.
Üç il (1956-1959) direktoru olduğu Azərbaycan Dövlət Opera və Balet Teatrında sənətin ali sirlərini də öyrənən (və öyrədən) bəstəkar, dostlarından biri demişkən, “rəsmi işlərdən, sənəd vəzifələrindən uzaqlaşıb”, özünü büsbütün sənət vəzifələrinə həsr edir. Özünü Bakının “korennoy” əhli sayan bir erməni həmkarının təbirində “Atəşfəşan Bakıda “periferik” notlarla əlləşən” bu gənc dünyanın böyük mərkəzlərilə vuruşa, nəhəng bəstəkarları ilə yarışa, sehr çubuqlu azman dirijorlarla döyüşə hazırlaşır (və hələ sonralar məlum olacaqdı ki, Amerika, Almaniya, Fransa, Rusiya kimi siyasət və sənət derjavalarında Stokolovski, Abendrot, Müns, Rojdestvenski kimi bahadırlar da özlərini “Fikrət Əmirov zəlzələsi”nə, “Şur” təlatümü”nə, “Kürd ovşarı” “arxeologiyası”na, “Gülüstan-Bayatı-Şiraz” “ekzo-ekologiyası”na hazırlayırmışlar).
Hələ vur-tut otuz bir yaşındaykən yazdığı “Sevil” operası ilə F.Əmirov milli lirik-psixoloji operanın və ovaxtadək işlənməmiş “Azərbaycan - konsert” janrının banisi oldu. Ardınca, dünya sədalı əsərlər işlədi. “Min bir gecə” ilə “Nəsimi” baletləri məsafəsində onlarca nümunələr var ki, hər biri haqda səhifələrlə yazmaq olar. Bunlardan “Nizami” simfoniyasını, “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan süitası”nı, “Azərbaycan qravürləri”ni ürəkdolusu, zövq doyusuyla xatırladınız yəqin. “Gözün aydın”, “Ürəkçalanlar” kimi duzlu-məzəli komedik musiqilərini yad edib, təbəssümləndiniz güman ki. Özünəməxsus sənət, sənətkar dəst-xəttilə yazdığı instrumental, kamera-vokal əsərlərini - “Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm - gülsən”, “Reyhan”, “De görüm, neyləmişəm”, “Toy” kimi romans və mahnılarını, neçə-neçə pyes-prelüdlərini, dram-tamaşalarına, kinofilmlərə (“Səhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyildim”) yazdığı lirik, dinamik, dramatik musiqiləri anıb, özünüzü “Nəğmə üfüqləri” qoynuna qərq etdiniz, zənnimcə.
Bəs bu dahi melodistin qiymətli söz, publisistika, kitab yaradıcılığına da xəyallanmayaqmı? Axı onun zərif çalarlı, məst üslublu, anadil-atasel təhkiyəli yazılarında da qəlboxşar musiqiləri kimi özünəməxsus gözəlliklər, özəlliklər var. Məsələn, bu müəllif, musiqi dilində bir qədər çətin anlanan fikirləri bu və digər kitablarında (xüsusən, “Musiqi düşüncələri”ndə), məqalələrində əsl söz ustadı kimi açır, tele-radio müsahibələrində professional mütəxəssis, nadir natiqlər kimi çatdırırdı. İki dəfə (27 və 58 yaşlarında) SSRİ Dövlət mükafatı laureatı olmuş, 43 yaşında SSRİ Xalq artisti adına layiq görülmüş bir sənətkarın digər təltifatlarını sadalamağa və bundan artıq deyib-öyməklə, onun ecazkar musiqilərini dinləməyə hazırlaşan hörmətli oxucularımızın vaxtına müdaxilə etməmək qənaətilə - hə-lə-lik...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar