Azərbaycan

23 noyabr 1923 - Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-1988) anadan olub. "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 - Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayır, 1970-80-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvüdür.
23 noyabr 1936 - Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Həmişə bahar”, “Ağ ulduzlar”, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.
23 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) Ermənistan SSR-in Əzizbəyov rayonunda anadan olub. Bədii yaradıcılığa 1967-ci ildə başlayıb. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.
23 noyabr 1948 - Dahi bəstəkar, publisist, pedaqoq, Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Konservatoriyanın professoru, Azərbaycan EA-nın akademiki olub.
23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

24 noyabr 1906 - Ədəbiyyatşünas, tənqidçi Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 - 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.
24 noyabr 1922 - Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922 - 2.12.2002) anadan olub. “Kölgələr sürünür” (Cahan), “Sevil” (Gülüş, mahnıların ifası) filmlərində çəkilib.
24 noyabr 1924 - Rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
24 noyabr 2001 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. Peşəkar sirk ustası olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?", “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” filmlərində maraqlı obrazlar yaradıb.

25 noyabr 1901 - SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. Şəhərdəki “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və Bakıya dəvət edib. 1920-ci ildən Azərbaycan teatrının inkişafında xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar”, “Bir məhəllədən iki nəfər”, “Əsl dost” və s. filmlərdə çəkilib.
25 noyabr 1913 - Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-25.2.1991) anadan olub.
25 noyabr 1918 - Xalq yazıçısı İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) Bakıda doğulub. «Uzaq sahillərdə» povestinin (Həsən Seyidbəyli ilə birgə), digər nəsr əsərlərinin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1975-1981) olub.
25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, gənc ifaçılar yetişdirib.
25 noyabr 1994 - Xalq artisti Məmməd Bürcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür”, “Qəm pəncərəsi, “Köhnə bərə” və s. filmlərdə çəkilib.

Dünya

23 noyabr 1875 - Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
23 noyabr 1887 - İngilis aktyoru, qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.

24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
24 noyabr 1888 - Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karnegi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.
24 noyabr 1934 - Alman əsilli Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

25 noyabr 1562 - İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12. 1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Millət vəkili, Türkiyənin UNESCO-da təmsilçisi olub.
25 noyabr 1893 - Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıları oxuduğunu elan edib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar