Adətən əsl incəsənət inciləri olan filmlər, rəsm işləri zamanında layiq olduğu dəyəri qazana bilmir. Belə filmlərdən Yannis Smaraqdisin “El Qreko” ekran əsərini nümunə göstərmək olar. Bioqrafik janrda olan film hadisələri tamaşaçıya anlaşıqlı, sadə dildə çatdırır. Əksər bioqrafik filmlərdən fərqli olaraq bu filmdə rejissor tamaşaçını rəssamın ağır həyatı ilə yükləmir. Tamaşaçı burada zərif sevgini izləyir. Gözəllik və harmoniya qanunları filmdə El Qrekonun əsərləri ilə yanaşı, aktyor oyununda və dialoqların özəlliyində öz əksini tapıb: “Gözlərini yum və nə görürsənsə de...”, “Mən xoşbəxtliyi görürəm...”.   

   Film dahi ispan rəssamı El Qrekonun xarakteri üzərində qurulub. O filmin qəhrəmanı olmaqla yanaşı, həm də hekayəsini danışır. Rejissor həyatı estetik şəkildə El Qrekonun gözü ilə tamaşaçıya göstərir. El Qreko Françeska şəhərini heç bir sevgi ilə müqayisəyə gəlməyəcək qədər çox sevir. Onun üçün bu şəhər ikinci Venesiyadır. Hətta o öz gündəliyində şəhəri “Mənim Venesiyam” deyə qeyd edir. El Qreko tez-tez özünə “İnsanı müqəddəs edən nədir” sualını verir. Ağrı? Əzab? Ölüm?... gəldiyi nəticə isə belə olur. Müqəddəslər küçədə qarşına çıxan dəlilər kimidir. Bir gün dahilik və müqəddəslik onun rəsm əsərlərinə özünün də xəbəri olmadan hopmağa başlayır. Rəssam incəsənəti bütün xəstəliklərin dərmanı kimi görür. Onun əsərlərində daima işığın qaranlıq üzərindəki parlaq qələbəsini görmək mümkündür.
   Filmdə bir neçə simvolik obrazlar var. Onlardan biri də almadır. Buradakı alma yunan mifologiyasındakı almanı simvolizə etməklə yanaşı, həm də bütün günahların başlanğıcı olan cənnətdəki meyvəni də tamaşaçıya xatırladır.
   Əsl adı Dominikos Teotokopulas olan rəssam Qreko ləqəbini doğulduğu Krit adasından götürüb. Dahi rəssam yaradıcılığında heç bir müasirini izləmirdi. Onun əsərləri də düşüncələri kimi fərqli idi. Bəlkə də elə bu səbəbdən rəssamın dahiliyini nə az, nə çox 300 ildən sonra kəşf etdilər. O dövrdən altı əsrdən çox vaxt ötsə də, El Qreko əksər rəssamların ilham mənbəyidir.
   Film tamaşaçıda incəsənətin böyüklüyünü, saflığını aşılayır. “Mənim silahım çəkdiyim rəsmlərdir. Mən əsərlərimdə insanları müqəddəsliyə, işığa çağırıram. Çünki işıq həmişə ölümə qalib gəlir. Mən isə ölümün özünə qalib gəlmək istəyirəm”. Əsərlərindəki işığı görə bilən hər bir tamaşaçı onun ölümsüzlüyünü də görür. El Qreko həqiqətən də ölümə qalib gəlmiş rəssamlardandır.
   
   Yeganə Cansail