Uşaq incəsənət məktəbində sənətkarın irsindən bəhs edən muzey yaradılıb
   
   Noyabrın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun adını daşıyan 6 saylı onbirillik Uşaq incəsənət məktəbində sənətkarın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi. 
   
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşı Venera Məstanova, bəstəkarın oğlu Cəmil Əmirov, digər qonaqlar iştirak edirdi. 
   Əvvəlcə məktəbdə yaradılan Fikrət Əmirov adına muzeyin açılışı oldu. Təhsil ocağının direktoru, Əməkdar müəllim, professor Ədilə Yusifova muzeyin yaradılma səbəbindən danışdı. 
   Qeyd etdi ki, təqdim olunan layihə məktəbin rəhbərliyi ilə aparıcı müəllimlər və təhsil ocağının istedadlı şagirdlərinin əməyinin nəticəsidir. Muzeydə bəstəkarın kitabları, elmi məqalələri və musiqi əsərləri yer alıb. Məktəbin şagirdləri bu muzey vasitəsilə böyük bəstəkarın yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bildirdi ki, məktəbin kollektivi bu muzeyi yaratmaqla böyük bir uğura imza atıb. Bu layihə F.Əmirovun adına layiq bir işdir. Vurğulandı ki, F.Əmirov öz yaradıcılığında daim dahi Üzeyir bəyin ənənələrinə sadiq qalıb. Bəstəkar kiçik həcmli miniatürlərdən başlayaraq, musiqinin bütün janrlarında özünü istedadlı mütəxəssis kimi tanıdıb. Forma və ifadə vasitələrinə görə novator sənətkar olduğunu sübut edib. O, Azərbaycan musiqi tarixinə simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi daxil olub, milli musiqi sənətimizin inkişafına bənzərsiz töhfələr bəxş edib.
   Bəstəkarın oğlu Cəmil Əmirov çıxış edərək muzeyin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.
   Sonra tədbir məktəbin akt zalında “Fikrət Əmirovun musiqisini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransı ilə davam etdi.
   Azərbaycan Milli Konservatoriyasının prorektoru, dosent Lalə Hüseynova çıxış edərək F.Əmirovun “Sevil” operası, “Şur” və “Kürd ovşarı” simfonik muğamları və s. əsərlərindən söz açdı. Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Aytən Manafova unudulmaz bəstəkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətləri olduğunu dilə gətirdi.
   Çıxışlardan sonra şagirdlərin ifasında bəstəkarın “Min bir gecə” baletindən “Şəhrizadın rəqsi”, eləcə də “Uşaq lövhələri”, “Skertso”, “Lirik rəqs”, ”Elegiya”, “Azərbaycan elləri” və s. əsərləri səsləndirildi. 
   Tədbir “Min bir gecə” baletinin musiqisi əsasında rəqs ifaçılığı və rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə yekunlaşdı.
   
   Savalan