Xəbər verildiyi kimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında 30 saylı Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə tanınmış bəstəkar, pedaqoq Nazim Əliverdibəyovun (1926-1985) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan mədəniyyət tarixinə töhfələr vermiş tanınmış nəslin nümayəndəsi olan Nazim Əliverdibəyov musiqi əsərləri bəstələməklə yanaşı, Bülbül adına Orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 1964-1985-ci illərdə Bülbül adına məktəbin direktoru olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. Dahi bəstəkarın nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olub.
Yubiley tədbirində Xalq şairi Nəriman Həsənzadə, Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq doktoru, professor Zemfira Qafarova, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti, professor Ramiz Quliyev, Bülbül adına Orta ixtisas musiqi məktəbinin tədris işləri üzrə direktor müavini, Əməkdar müəllim Rəna Vəzirova, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev və digər qonaqlar iştirak edirdi.
Qonaqları salamlayan 30 saylı Uşaq musiqi məktəbinin müəllimi Sevinc Əzizova bəstəkarın yaradıcılığından söz açdı. Bildirdi ki, Nazim Əliverdibəyov həm irihəcmli simfonik lövhələrə, həm də kiçik formalı əsərlərə maraq göstərərək istər monumental ifadə tərzindən, istərsə də zərif kamera yazı texnikasından eyni dərəcədə məharətlə istifadə edib. Bəstəkarın yaradıcılığında piano üçün “Skerso” və “Xatirə”, violonçel və piano üçün “Sonatina”, pyeslər, prelüdlər, mahnılar, romanslarla yanaşı, “Mingəçevir” simfonik poeması, 2 balet süitası, ”Cırtdan” operası, “Muğam” xoreoqrafik lövhəsi kimi əsərlərə də rast gəlirik.
Tədbirin aparıcıları - məktəbin şagirdləri Türkan və Xədicə də bəstəkarın yaradıcılığı, ayrı-ayrı əsərləri haqqında məlumat verərək konsert proqramının iştirakçılarını təqdim etdilər.
İlk olaraq bəstəkarın “Bayatı-Şiraz“ əsərini orqanda məktəbin müəllimi Zakir Əsədov ifa etdi. Bəstəkar yaradıcılığında uşaq mövzularına da böyük yer verib, onlar üçün “Pioner mahnısı”, “Fırça” və digər mahnılar yazıb. 1967-ci ildə şair Nəriman Həsənzadə ilə birlikdə solistlər, uşaq xoru, skripkaçılar ansamblı və orkestr üçün “Məktəblilərin oktyabr mahnıları” adlı kantatasını bəstələyib. “Fırça” və “Yollar” mahnıları məktəbin şagirdlərinin ifasında səsləndi. Proqramda daha sonra Nazim Əliverdibəyovun “Hanı o günlər?”, “Qaytağı”, “Vals-Skerso”, “Elegiya” əsərləri, eləcə də bəstəkarın işlədiyi xalq mahnıları (“Laçın”, “Süsən-sünbül”, “Səndən mənə yar olmaz”) ifa olundu. Məktəbin xor kollektivi bəstəkarın “Ay Xəzər “ və “Qarabağ” əsərlərini oxudu. Konsertin sonunda məktəbin müəllimi Teymur Cəbrayılov ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Ey Vətən” əsərini səsləndirdi.
Məktəbin müəllim və şagirdlərinin çıxışları alqışlarla qarşılandı. Bədii hissədən sonra çıxış edən qonaqlar konsertin yüksək səviyyədə keçdiyini qeyd edərək musiqi məktəbinin kollektivini təbrik etdilər.
Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova ifalardan böyük mənəvi zövq aldığını dilə gətirərək Nazim Əliverdibəyov haqqında xatirələrini bölüşdü. Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun çıxışında da duyğulu notlar üstünlük təşkil etdi: “Belə gözəl bir gecənin təşkilatçılarına təşəkkür edirəm. Bu konsert bir daha sübut etdi ki, əsl sənətkarların xatirəsi əbədi yaşayır”.
Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev yubilyar haqda unudulmaz xatirələrindən söz açdı: “Nazim müəllim yadımda təvazökar bir insan, gözəl bəstəkar kimi qalıb. Bir dəfə də olsun kimdənsə onun əsərlərini ifa etməyi xahiş etməzdi. Amma mən özüm onun əsərlərini səsləndirməkdən zövq alardım. 30 saylı Uşaq musiqi məktəbinin bu gün təqdim etdiyi konsert proqramı bəstəkarın xatirəsinə layiq idi”.
Sonda söz bəstəkarın ailə üzvü kimya elmləri doktoru, professor, Əməkdar müəllim Telman Ağdamskiyə verildi. O, bütün çıxış edənlərə, tədbirin təşkilatçılarına və qonaqlara dərin təşəkkürünü bildirdi.
Hüsniyyə Əlizadə