Bəstəkar Yaşar Xəlilovun 60 yaşı tamam olur
Musiqini dinləmək, onu daxilən hiss etmək, duymaq, öz fikirlərini bilavasitə musiqi dilinə çevirə bilmək istedadına malik olan insan çox xoşbəxtdir. Naxçıvanda musiqi mədəniyyətinin inkişafında özünəməxsus xidmətləri olan bəstəkar, muxtar respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov da belə insanlardandır.
Yaşar Xəlilov bir çox janrlarda özünü sınamış və qəlbləri oxşayan onlarla əsər yazmışdır. Əsərlərində özünəməxsus dəst-xətti, melodik təsvir vasitələrindən çox böyük həssaslıqla faydalanmaq bacarığı parlaq şəkildə nəzərə çarpır.
Yaşar Sudef oğlu Xəlilov 1956-cı il dekabrın 5-də Ordubadda dünyaya göz açmışdır. Uşaqlıq illərindən etibarən qəlbində ədəbiyyata və musiqiyə böyük həvəs oyanan Yaşar 1966-cı ildə Ordubad Uşaq musiqi məktəbinin tar sinfinə daxil olur. Burada ixtisası üzrə Kamil Qəniyevdən, muğam üzrə isə Rəsul Məmmədovdan dərs alır. 1972-ci ildə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur.
Musiqiçi xatirələrində o günləri belə yada salır: “Birinci kursda oxuduğum ilin əvvəlləri idi. Musiqi ədəbiyyatı dərsində İ.S.Baxın həyat və yaradıcılığı öyrədilirdi... İlk dəfə idi ki, klassik musiqini canlı olaraq dinləyirdim. Bu anlar həyatımda dönüş nöqtəsi oldu. Mən qəlbən bu ecazkar musiqiyə vuruldum. Yeniyetmə şüurumla hiss edirdim ki, qəlbən sevərək bağlanacağım sahə məhz elə budur... Əvvəllər təksəsli musiqi fantaziyalarımı nota köçürsəm də, artıq bundan sonra yeni düşüncələrimi fortepiano arxasında ifadə etməyə başladım. 1975-ci ilin aprelində ilk dəfə olaraq keçirilən tələbə-bəstəkarların konsertində 2 prelüdümü ifa etdim. İlk debüt uğurlu olduğuna görə ümidlər artmağa başladı. Artıq daha inamla çalışmağa başladım. Bu dövrdə mən fakültativ olaraq bəstəkarlıq ixtisası ilə məşğul olurdum. Müəllimim Leonid Vaynşteyn olduqca peşəkar və həssas bir musiqiçi idi. Onun sinfində oxuyarkən müxtəlif formalı pyeslər, prelüdlər, skripka və fortepiano üçün skerso, fortepiano üçün sonatina yazmışdım”.
L.Vaynşteyn Yaşarın sənətə olan sevgisini və yaradıcılıq bacarığını yüksək qiymətləndirir və ona sənətdə cəsarətli olmağı tövsiyə edirdi.
Y.Xəlilov 1976-cı ildə təhsilini başa vurur və Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur, dahi Qara Qarayevin sinfində oxuyur. Onun bəstəkar kimi formalaşmasında müəllimlərindən Qara Qarayevin, Fərəc Qarayevin, Boris Yermolayevin böyük xidmətləri olmuşdur. F.Qarayev o vaxtlar gənc olmasına baxmayaraq, olduqca yetkin sənətkar, mükəmməl bir pedaqoq idi. Tələbələrə həssaslıqla yanaşır və bir gəncin sənətə gəlişi yolunda böyük məsuliyyət hissi ilə çalışırdı.
1978-ci ildə Q.Qarayevin 60 illik yubileyi təntənə ilə qeyd olunur. Bakıda keçirilən müxtəlif yubiley tədbirləri ərəfəsində dahi bəstəkar öz tələbələri ilə məşğul olmaq üçün də vaxt ayırır. Y.Xəlilov həmin dövrü belə xatırlayır: “Üçüncü kursda oxuyurdum və simli kvartet üzərində işləyirdim. Yenicə bitirdiyim I hissəni Q.Qarayevin qarşısında ifa etdim və o, çox diqqətlə dinləyərək əsəri davam etdirməyimi məsləhət gördü”.
1985-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. Hazırda Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri olan Y.Xəlilov həm də Naxçıvan Dövlət Universitetində və Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərir.
Bəstəkarın zəngin yaradıcılığı var. O, musiqinin müxtəlif janrlarında əsərlərin müəllifidir: 9 prelüd, skripka və fortepiano üçün “Skerso”, “Möminə xatın”, fortepiano üçün “Mövzu və variasiyalar”, tar və xalq çalğı alətləri orkestri üçün “Konsert”, “Muğam dastanı”, fortepiano və xalq çalğı alətləri orkestri üçün “Mənsuriyyə”, fortepiano üçün 4 muğam etüdü, 4 pyes, xor və fortepiano üçün “Ballada - Qurtuluş çələngi”, “Rekviyem” (ulu öndər Heydər Əliyevin xatirəsinə), “Heydər himni”, simfonik orkestr üçün “Simfoniya - Kərbəla”, “Əshabi-kəhf” baleti və müxtəlif tamaşalara musiqilər bəstələyib.
Musiqiçinin əsərlərində ümumi xarakterik cəhətlər mövcuddur: ideya orijinallığı, musiqi dilinin aydınlığı, harmoniyaya məsuliyyətli və ehtiramlı münasibət. Musiqi üslubuna gəldikdə isə, demək olar ki, bütün əsərlərin mayasında muğamların ruhu aydın şəkildə duyulur. Müəllif ötəri intonasiyalardan, mücərrəd ideyalardan və təsadüfi vertikal birləşmələrdən həmişə çəkinir. Çünki əks təqdirdə musiqinin anlaşıqlı və uzunömürlü olmasına xələl gələ bilər.
Əlvan ritmlər, təravətli intonasiyalar, folklora əsaslanan melodik çalarlar bəstəkarın sənət palitrasında cazibədar bir ahəng yaradır. Onun əsərlərində neoklassisizm, ekspressionizm, impressionizm üslubuna tez-tez rast gəlmək olur. Bəstəkarın əsərləri fakturasına görə də çox zəngin və mürəkkəbdir.
Yaşar müəllim bugünlərdə Hüseyn Cavidin məşhur “İblis” faciəsi əsasında eyniadlı operasını bitirmişdir. Əsərin librettosu da bəstəkara məxsusdur. Operada H.Cavidin dil-üslub xüsusiyyətləri olduğu kimi saxlanılıb. Həmçinin bəstəkar iki yeni romansını da bitirib: “Naxçıvanın gecələri”, “Qızlar bulağı”. Hər iki əsər bu yaxınlarda Naxçıvan Bəstəkarlar Təşkilatının plenumunda səslənəcək.
Y.Xəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə 2008-ci ildə muxtar respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunmuş, dövlət başçısı İlham Əliyevin 2013-cü il 1 may tarixli sərəncamı ilə Prezident mükafatına layiq görülmüşdür.
O, həvəslə yazıb-yaradır, musiqi mədəniyyəti xəzinəmizə yeni-yeni töhfələr bəxş edir, gənc musiqiçi kadrların yetişməsində böyük rol oynayır. Dekabrın 5-də Yaşar Xəlilovun 60 yaşı tamam olur. Mənim də müəllimim olan sənətkara cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeganə Əsədova
sənətşünaslıq üzrə fəlsəfə doktoru