Frida Kalonun naməlum rəsm əsəri 1,8 milyon dollara satılıb
Meksikalı məşhur qadın rəssam Frida Kalonun (1907-1954) əvvəllər heç yerdə nümayiş olunmayan "Boyunbağılı qız" adlı rəsm əsəri Nyu-Yorkun Sotheby's hərracında 1,8 milyon dollara satılıb.
Rəssam ilk işlərindən sayılan "Boyunbağılı qız" əsərini 1929-cu ildə 22 yaşında çəkib. Ötən müddətdə rəsm yaxşı vəziyyətdə qalıb. Buna səbəb onun 60 ildən artıq Kaliforniyada yerləşən sarayların birində qaranlıq otaqda saxlanılması olub. Otağın qaranlıq hissəsində asılı vəziyyətdə qalmış rəsmdə rənglər parlaqlığını itirməyib.
Məlumatlara əsasən, Frida Kalonun vəfatından sonra əri Diyeqo Rivero bu rəsmi həyat yoldaşının köməkçisinə hədiyyə edib. 90 yaşlı qadın illər sonra əsəri satmaq qərarına gəlib. Qərarın səbəbini isə hərrac evi açıqlamayıb.
Qeyd edək ki, rəssamın “Diyeqo və mən" adlı rəsm əsəri 1990-cı ildə hərracda 1,4 milyon dollara satılmışdı.
İlona Qubadova