Noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçıların konserti keçirildi.
   Konsert proqramı “Multikulturalizm ili” çərçivəsində təşkil edilmişdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev iştirak edirdi.
   Proqramda C.Lombaridzenin “Basso ostinato”, Q.Faurenin “Fantaziya”, P.Venyavskinin “Kapriççio”, P.Çaykovskinin “Andante maestoso”, A.Tsfasmanın “İntermetso”, C.Rossininin “Neopolitan tarantellasi”, H.Rzayevin “Çahargah rapsodiyası”, C.Cahangirovun “Ay qız”, B.Bartokun “Rumın rəqsləri”, S.Raxmaninovun “Polişinel”, “Musiqili an”, A.Məlikovun “Monoloq”, S.Əliyevanın “Ana” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirildi. Təqdim olunan kompozisiyalar alqışlarla qarşılandı.
   Qeyd edək ki, Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada tanıdılması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədi daşıyan layihə nazirlik tərəfindən paytaxt və bölgələrdə həyata keçirilir. 
    
   Savalan Fərəcov