Xəbər verdiyimiz kimi, noyabrın 24-də Küveytdə Azərbaycanın turizm imkanlarının təbliği məqsədilə təqdimat və iki ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşləri keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Küveytdə səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir və görüşlərdə iştirak etmək məqsədilə nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti bu ölkədə səfərdə olub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrində təmsilçisi olan “Atlantis Holidays” şirkətinin, Küveytin İnformasiya Nazirliyinin, eləcə də hotel və turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev və Küveyt informasiya nazirinin turizm məsələləri üzrə müavini Casim Əl-Həbib arasında görüş keçirilib. Casim Əl-Həbib iki ölkə arasında turizm sahəsində potensial əməkdaşlığın əhəmiyyətini və bu istiqamətdə işlərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Aydın İsmiyev ölkəmizdə turizm sənayesinin inkişafı naminə xüsusilə son illərdə aparılan islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, 2016-cı ilin fevral ayından etibarən Azərbaycanın beynəlxalq hava limanlarında Küveyt vətəndaşlarına vizanın verilməsi imkanları yaradılıb və bunun nəticəsi olaraq ölkəyə səfər edən turistlərin sayında ciddi artım müşahidə olunub.
Şöbə müdiri diqqətə çatdırıb ki, 2016-cı ilin 5-6 aprel tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveytə səfər edib. Bu səfərin nəticəsi olaraq bu ilin may ayında Küveyt kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 5 nəfərlik jurnalist qrupu ölkəmizdə səfərdə olub.
Xatırladaq ki, Küveytdə ölkəmizin turizm təqdimatı ərəfəsində, noyabrın 16-da Bakıda Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıblar. AZAL və yükdaşıyıcısı “Silk Way Airlines” Küveytə birbaşa reyslərin açılması imkanlarını araşdırır. Eyni zamanda Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir. Birbaşa hava əlaqəsi Azərbaycan və Küveyt arasında turizm əlaqələrinə də təkan verəcək.