Noyabrın 14-dən 19-dək Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənc xalq çalğı alətləri ifaçılarının “Ana yurdun ahəngləri” II Beynəlxalq müsabiqəsində Azərbaycan üç gənc musiqiçi ilə təmsil olunub. Müsabiqənin münsiflər heyətində isə ölkəmizi “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə təmsil edib.
Bu barədə qəzetimizə müsahibəsində məlumat verən Rahib Rəsulzadə bildirdi ki, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin tərkib hissəsi kimi beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, gənclərin mədəni mübadilə proseslərində yaxından iştirakı prioritet istiqamətdir:
- Mədəni əlaqələrin müxtəlif formalarından istifadə etməklə, bu münasibətlərin ildən-ilə genişlənməsi, beynəlxalq layihələrə daha çox yaradıcı gənclərin qatılması müsbət nəticələr verməkdədir. Daşkənddə iki ildən bir təşkil olunan müsabiqəyə bu dəfə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiyadan 60, Özbəkistanın 14 vilayətindən isə 400-ə yaxın yerli gənc ifaçı qatılmışdı. Müsabiqənin beynəlmiləl tərkibli münsiflər heyətinin sədri Rusiyanın Xalq artisti, Qnesinlər adına Musiqi Akademiyasının professoru, Xalq Musiqisi Akademiyasının prezidenti Vyaçeslav Pavloviç Kruqlov idi.
İki turun nəticələrinə əsasən final mərhələsinə vəsiqə qazanan ifaçıların sayı 80 oldu. Azərbaycanı təmsil edən gənclərimiz hər iki yaş qrupunda uğurlu çıxış edərək beynəlmiləl tərkibli münsiflər heyətinin qərarı ilə mükafatçılar sırasında yer aldılar. Bakı şəhəri 21 saylı Musiqi məktəbinin şagirdi Mahir Hacıyev (kamança, kiçik qrup) 1-ci yer, Asəf Zeynallı adına Musiqi kollecinin tələbəsi Samir Əzimov (kamança, böyük qrup) 3-cü yer və Azərbaycan Milli Konservatoriyasının tələbəsi İbrahim Babayev (tar, böyük qrup) 1-ci yerə layiq görüldülər. Həmçinin təmsilçilərimizi müsabiqə boyu müşayiət edən pedaqoq-konsertmeyster Svetlana Əhmədova münsiflər heyətinin qərarı ilə ən yaxşı konsertmeyster nominasiyası üzrə diplomla təltif olundu.
Həmsöhbətim qeyd edir ki, belə nailiyyətlər ölkələrarası mədəni əlaqələrin inkişafına da töhfə verir:
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə xarici ölkələrə göndərilən onlarla istedadlı gəncimizin səsi-sədası dünyanın mötəbər sənət meydanlarında ucalmaqdadır. Bir maraqlı fakt da müsabiqə iştirakçılarının diqqətini xüsusilə cəlb etdi. Müsabiqənin şərtlərinə görə hər bir əcnəbi təmsilçi yerli bəstəkarların bir əsərini də orkestrin müşayiəti ilə ifa etməli idi. Tar ifaçımız İbrahim Babayev bu tapşırığın öhdəsindən layiqincə gəldi. Belə ki, o, qala-konsertdə özbək bəstəkarı Nadim Norxocayevin “Novruz uforisi” əsərinin əvvəlində “Bayatı-kürd” muğamından parça əlavə etməklə, xüsusi musiqi priyomu vasitəsilə maraqlı sintezə nail oldu. Onun bu uğurlu əlavəsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Rahib Rəsulzadə onu da vurğuladı ki, müsabiqə boyu yerli kütləvi informasiya vasitələri azərbaycanlı gənclərin qazandıqları nailiyyətlərdən reportajlar, məqalələrlə çıxış edərək, geniş auditoriyaya məlumatlar çatdırıblar.
Qeyd edək ki, 1990-cı ildən fəaliyyət göstərən “Kainat” Gənclik Mərkəzi artıq ənənəvi hal almış iki beynəlxalq layihəni reallaşdırmaqla mədəni əlaqələrimizin coğrafiyasının genişlənməsinə öz töhfəsini verir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Beynəlxalq uşaq muğam festivalı, eləcə də İSESCO-nun, Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının beynəlxalq müsabiqəsi istedadlı gənclərin üzə çıxarılmasında xüsusi yerə malikdir. Xarici ölkələrdən gələn yaradıcı gənclər bu sənət yarışmalarında qüvvələrini sınamaqla yanaşı, ölkəmizin tarixi, mədəni həyatı ilə də yaxından tanış olurlar.
Fariz Hüseynov