Muğam televiziya müsabiqəsinin laureatları çıxış edib
Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konsert zamanı filarmoniyanın foyesində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin incəsənət və musiqi məktəbləri şagirdlərinin hazırladığı rəsm əsərlərinin sərgisi açılıb.
Konsertdə “Muğam” instrumental ansamblının müşayiəti ilə muğam televiziya müsabiqəsinin laureatları Təyyar Bayramov, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Bəyimxanım Vəliyeva, Mirələm Mirələmov, Elnur Zeynalov və başqalarının çıxışları dinlənilib. Xanəndələr Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını, muğam və təsnifləri ifa ediblər.