Dekabrın 3-də “İçərişəhərdə incəsənətlə istirahət günləri” adlı sərgi açılacaq. Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) tərəfindən təşkil olunub.
   İki gün davam edəcək tədbirdə paytaxtımızın sakinləri və qonaqları üçün canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balacalar üçün heykəltəraşlıq, keramika və rəsmə dair ustad dərsləri, əyləncəli proqramlar keçiriləcək.
   * * *
   Bakı şəhərinin Yeni il bayramı əhvalına töhfə vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dekabrın 20-dən yanvarın 10-dək Qoşa qala qapısı meydanında “Qış qalası” adlı Yeni il yarmarkası keçirməyi planlaşdırır.
   “Qış qalası” yarmarkası təkcə əl işləri, suvenirlər, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. 20 gün boyunca uşaqlar üçün əyləncəli animasiya proqramı və canlı ifalar da təqdim ediləcək.