Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin şagirdləri AMEA Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Ekskursiya Azərbaycan tarixini, mədəniyyət və incəsənətini tanıtmaq məqsədi daşıyan “Gözəl mədəniyyət” layihəsi çərçivəsində reallaşıb.
   Məktəbin direktoru Bəşarət Hüseynova, müəllimlər Təranə İsmayılova, Xatirə Tahirova və Lalə Qafarovanın iştirakı ilə baş tutan muzey ekskursiyası uşaqlarda zəngin təəssürat yaradıb. Növbəti həftə Şirvanşahlar Sarayı Kompleksinə və Milli İncəsənət Muzeyinə ekskursiyalar təşkil olunacaq.
   * * *
   Bakı Xoreoqrafiya Akademiyası musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Maarifçilik dövrünün pedaqoji prinsipləri: bədii təhsil və tərbiyə” mövzusunda elmi seminar keçirilib. 
   Kafedranın müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli seminarın məqsəd və vəzifələrindən danışıb. Qeyd edib ki, pedaqogikada estetik təhsil və tərbiyənin vəhdəti hər zaman aktualdır. 
   Sonra kafedranın müəllimi, pedaqogika üzrə elmlər doktoru, professor Tamilla Kəngərlinin məruzəsi dinlənilib. Pedaqoji prinsiplərin, bədii təhsil və tərbiyənin formalaşdığı dövrlərə tarixi ekskurs edən məruzəçi bu sahədə maarifçilik və onun istinad etdiyi İntibah və antik dövr nailiyyətləri barədə məlumat verib, çex pedaqoqu, elmi pedaqogikanın banisi Yan Komenskinin elmi yaradıcılığına nəzər salıb.
   Məruzə ətrafında BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Sonaxanım İbrahimova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə və digərləri çıxış edib. Akademiyanın müəllim və magistr-tələbə heyətinin iştirakı ilə keçirilən seminar dinləyici suallarının cavablandırılması ilə sona çatıb.