Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatının laureatı, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun 70 illik yubileyinə həsr olunan tədbir keçirildi.
   Tədbirdə əvvəlcə fortepiano arxasına keçən Azər Dadaşov ustadı, görkəmli bəstəkar Qara Qarayevin “Prelüd”ünü ifa etdi.
   Niyazinin mənzil-muzeyinin müdiri Rza Bayramov çıxış edərək yubilyara təbriklərini çatdırdı, yeni yaradıcılıq uğurları arzuladı.
   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova A.Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında danışdı.
   Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Umudov, Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva yubilyarı təbrik etdilər. Çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunurdu.
   Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələri - beynəlxalq müsabiqə laureatları Nurlan Gəncəli (qaboy), Fuad Əlizadə (fortepiano), Nəcəf Vəliyev (truba), Bakı Musiqi Akademiyasının magistri, Azərbaycan Dövlət Xor Kapellasının solisti Ərəstun Quliyevin (vokal), “Bənövşə” Uşaq Xorunun solisti Leyla İbrahimovanın (vokal) ifalarında A.Dadaşovun əsərlərindən ibarət musiqi proqramı təqdim edildi. Müəllif özü də bir neçə əsərini səsləndirdi.
   Muzeyin foyesində bəstəkarın yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olundu.
   
   Lalə