Reytinq siyahısı 43 istiqamət üzrə uçuşlar, hotel və restoranların bron edilməsi və turist maraqları əsasında hazırlanıb
   
   Nüfuzlu tripadvisor.com səyahət bələdçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yeri tutub.
   Reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb. 
   Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu siyahı səyahət həvəskarlarının seçimlərinə təsir göstərəcək. 
   O həmçinin ölkəmiz və paytaxtımız haqqında da xoş təəssüratlarını bölüşüb: “Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahət həvəskarlarının 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən, qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirib. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq”.
   Qeyd edək ki, tripadvisor.com saytı artıq 5-ci ildir ki, daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.
   Builki siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb. Saytın təqdim etdiyi onluqda həmçinin El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpur (Hindistan) kimi şəhərlərin də adları yer alır.
   Ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://www.tripadvisor.com.sg/PressCenter-i7831-c1-Press_Releases.html