Apiçatponq Virasetakul: “İnanc, ruhlara münasibət bizim gündəlik həyatımızda və mədəniyyətimizdə kök salıb”
   
   Bir çox nüfuzlu kino mütəxəssisləri 39 yaşlı tailandlı Apiçatponq Virasetakulu müasir kinematoqrafiyanın ən ümidverici rejissoru kimi dəyərləndirirlər. İxtisasca memar olan Virasetakul kino fəaliyyətinə eksperimental sənədli filmlərdən başlayıb. Sonra isə qısa filmlər ekranlaşdırıb. «Sirli gündüz obyekti», «Tropik xəstəlik», «Sindromlar və əsr», «Bunmi əmiyə məktub» kimi maraqlı müəllif filmləri ilə Venesiya, Kann festivallarında diqqəti çəkən rejissor xüsusi mükafatlara layiq görülüb. Hətta onun «Sindromlar və əsr» filmini yeni minilliyin ən yaxşı “art-house” filmi adlandıranlar da var.
   
   Virasetakul filmlərində kompyuter effektlərindən imtina edir, nəqletmənin qeyri-ənənəvi strukturuna, uzun planlara, mistikaya, təbiət, xüsusən cəngəllik təsvirlərinə üstünlük verir.
   Bu il isə rejissor «Bunmi əmi» filminə görə Kannda “Qızıl palma budağı”na layiq görülüb. O, bu mükafatı alan ilk Tailand rejissorudur. Filmdə xəstəlik səbəbindən ömrünün son illərini yaşayan Bunmi keçmiş həyatında olmuş arvadının, oğlunun ruhları ilə ünsiyyətə girir və dünyaya ilk dəfə gəldiyi mağaranı axtarıb taparaq həyatını orda tamamlamaq istəyir. Rejissorun yozumunda mağara bu dünyanın bitdiyi və digər dünyanın başladığı yerdir. O, ölümə macəra kimi baxır və insanlara ölümdən qorxmamağı aşılayır. Bu günlərdə «Bunmi əmi» filmi Avropada böyük ekranlara çıxıb. Almaniyanın «Epd-Film» jurnalında rejissorla müsahibə dərc olunub.
    - Sizin inanclara, ruhlara münasibətinizi bilmək maraqlıdır.
   - Bilirdim ki, siz məndən bunu soruşacaqsınız. Çünki bütün avropalı jurnalistlər məhz bu sualı verirlər. Tailandda inanca, ruhlara münasibət başqa cürdür. Buddist inanc bizim gündəlik həyatımızda və mədəniyyətimizdə kök salıb. Mən dindar deyiləm, amma din tərbiyəmin adi bir hissəsidir. Filmim iki dünya arasında baş verənlərdən, həmçinin xatirələrdən bəhs edir, qəhrəman o xatirələri yox etmək niyyətindədir.
    - Təbiət sizin üçün hansı rolu oynayır? Filmlərinizdə kamera cəngəlliklə demək olar ki, üzvi şəkildə birləşir...
   - Təbii işıqla işləməyi «Sizin xeyir-duanızla» filmindən başladım. Həmin vaxt filmin çəkilişi üçün kifayət qədər vəsait çatmadığından biz təbii işıqla işləməli olduq. Amma hətta böyük büdcə ilə filmdə günəş işığını simulyasiya etmək olmaz, indiyə kimi heç bir Hollivud filmi bunu bacarmayıb. Mən bu iş üsulu vasitəsilə cəngəlliyin incə nüanslarını, işığı, havanın hərarətini, rəngləri qiymətləndirməyi öyrəndim. Cəngəllik əla bir təsvirdir, bunu yalnız arzulamaq olar.
   - Hazırda film çəkərkən düşüncələrindən bu qədər azad, sərbəst istifadə edən rejissorlar çox deyil. Sizə təsir edən amillər hansılardı?
   - Mənə təsir edən amillər çoxdur, amma axı tamaşaçı auditoriyası onları mütləq dərk etməyə borclu deyil. Bu mənim şəxsi qeydlərim, hisslərimdir. Əslində «Bunmi əmi» filmi Tailandda «B» kateqoriyasına daxil olan filmlərə, qeyri-real əhvalatlara, köhnə televiziya proqramlarına, həmçinin komiksərə istinadən çəkilib. Ona görə də «Bunmi əmi» demək olar ki, konseptual filmdir.
   - Sizin bütün filmlərinizdə xəstəlik mövzusu demək olar ki, qırmızı xətt kimi keçir.
   - Xəstəliklər məni həmişə cəlb edir, yəqin ona görə ki, mən xəstəxanada böyümüşəm. Valideynlərim həkim olublar və biz çox illər hospital yaxınlığındakı bir həkim otağında yaşamışıq. Xəstəxananın qoxusu gələndə, belə demək olarsa, özümü doğma yerdə hiss edirəm.
   - Bunmi əmi özünün əvvəlki həyatını-bundan öncə çəkdiyiniz «Bunmi əmiyə məktub» qısa filmini xatırlayır. Son filminiz «Bunmi əmiyə məktub» qısa filmi əsasında formalaşıb?
    - Əslində hər şey Tailandın şimal-şərqi haqqında olan «İbtidai layihə»nin təsisatı ilə başladı və layihənin reallaşması üçün biz London muzeyinin ayırdığı vəsaitdən istifadə etdik. Ölkənin şimal-şərqində yaşamış Bunminin ənənəvi əhvalatı bir neçə ildir ki, ağlıma gəlib. Məndən tez-tez soruşurlar ki, niyə Bunmi həmişə kasıb, yöndəmsiz məkanda təsvir edilir. Mən özüm şimal-şərqdə böyümüşəm, bu həm də mənim keçmişimə səyahət idi. Filmin çəkilişləri zamanı məkan seçimi üçün araşdırma apardım və Nabua kəndiylə rastlaşdım. Nabua kəndinin maraqlı və kədərli tarixi var. Kəndin sakinləri kommunistlər olublar və çox illər onlar sərt nəzarətdə saxlanılıblar. Bu insanlar keçmişi, öz xatirələrini bütünlüklə unutmaq istəyirlər. Bunun əksinə olaraq Bunmi unutmaq istəmir, o keçmişindən çox şeyi xatırlayır. Mən maraqlı bir təzad da tapdım. «Bunmi əmiyə məktub» əslində Nabua kəndinin sakinlərinə həsr etdiyim araşdırmalarımın eskizi idi.
   - Bir tailandlı rejissor üçün bu gün siyasətdən danışmamaq demək olar ki, mümkün deyil. Sizin «Sindromlar və mərkəz» filminiz vətəninizdə senzuraya məruz qaldı. Bu gün siyasət yaradıcılığınızda hansı rolu oynayır?
   - «İbtidai layihə» mənim ilk siyasi işim idi. Hazırda Tailandda vəziyyət sənətkarların öz potensialını üzə çıxarmağa kömək edə bilər və ölkədə baş verən əhvalatları qələmə almaq, çəkmək onlar üçün çox vacibdir. Etirazlar ölkədə nifaq saldı, amma bu, zəruri bir prosesdir, çünki insanlar birinci dəfə idi ki, bir-biri ilə polemikaya girirdilər. Küçələrdə zorakılıq çoxlu köhnə problemləri üzə çıxardı. Amma ölkənin son onilliyi haqda hələ də dialoq keçirilməyib. Buna görə biz işləməliyik.
   
   Sevda Əliəşrəfqızı