Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin payız mövsümünün sonuncu konserti keçirildi. Xatırladaq ki, bədii rəhbəri Azərbaycanın Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev olan layihənin builki payız konsertləri noyabrın 30-da, dekabrın 2-də və 7-də gerçəkləşmişdi.
“XX əsr. Avropaya səyahət” adlı axırıncı konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ilk olaraq Avstriya bəstəkarı Franz Şrekerin (Schreker) “Heç-heçə” operasının giriş hissəsi təqdim edildi. Avstriyalı dirijor Roland Freisitzerin idarəçiliyi ilə keçən konsertin ilk musiqisi həzin, kövrək notlarla başlayıb insanı dərin, həyəcanlı duyğulara apardı. Əsər insanı daxili sarsıntılara salsa da, sonda ümid və inama çağırırdı.
Sonra Paul Hindemithin “Schwanendreher” 4 hissəli viola və orkestr üçün konserti səsləndi. Əsərin solo hissəsini avstriyalı skripkaçı Yuliya Purgina ifa etdi. Dörd hissədən ibarət əsərin sanki hər birinin ayrıca süjeti vardı, bununla belə hissələri bir-birinə bağlayan ümumi xətt də aydın sezilirdi.
Sonra Qustav Holstun böyük orkestr üçün simfonik süitası - “Planetlər” səsləndirildi. Əsəri simfonik orkestrlə yanaşı, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) ifa etdi. Əsər daha çox sərt, dramatik məqamlarıyla yadda qaldı.
Bildirək ki, layihənin başlıca cəhəti bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır. İlk dəfə 2007-2008-ci illər konsert mövsümündə gerçəkləşən layihədə barokko və klassisizm musiqisi ilə yanaşı, çağdaş bəstəkarların əsərləri də səsləndirilib.
S.Qaliboğlu