Dekabrın 8-də “Park Inn by Radisson Hotel”də Azərbaycanda ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi və “ASPI AQRO” MMC tərəfindən təşkil olunan “Somelye məktəbi” kursları başa çatıb.
   Hotellərin restoran işçiləri üçün dördgünlük kurslar Ukraynanın “Ustad-sinif” somelye məktəbinin bazasında keçirilib. Kurs zamanı Bakı şəhərinin hotel restoranlarının işçiləri şərabların təsnifatı, onların saxlanılması və restoranda satışı, dequstasiyanın aparılması qaydaları ilə tanış olublar.
   Təlimi “Ustad-sinif” somelye məktəbinin şərab ekspertləri Nikolay və Natalya Blaqopoluçnılar aparıblar. Sınaqların nəticələrinə görə, 45 nəfər kurs iştirakçısına Bakı Turizm İnformasiya Mərkəzi və “ASPI AQRO” (Savalan şərab brendi) tərəfindən müvafiq sertifikatlar təqdim edilib.
   2017-ci ildən başlayaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulan somelye kurslarının təşkili Azərbaycanda müasir şərab mədəniyyətinin və servisinin inkişafına xidmət edəcək.