Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblının 20 illiyinə həsr olunmuş tədbir keçirildi.
   Tədbiri giriş sözü ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı açaraq qədim musiqi alətlərimizin tarixindən bəhs etdi. Bildirdi ki, Orta əsrlərdə Səfiəddin Urməvi, Əbdülqadir Marağayinin bəhs etdikləri bu alətlərin adları əski mənbələrdə də çəkilib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu musiqi alətləri haqqında bilgilər var. 
   Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə Qədim Musiqi Alətləri Ansamblının tarixindən danışdı. Qeyd etdi ki, Xalq artisti, mərhum Məcnun Kərimov tarixi əsərlərə əsaslanaraq bu qədim musiqi alətlərini bərpa edib: “O, istəmirdi ki, bu dəyərli musiqi alətləri muzeydə bir eksponat kimi qalsın. Alətlərin canlı şəkildə sərgilənməsi üçün isə ansambl lazım idi. Beləliklə, 1996-cı ildə Qədim Musiqi Alətləri Ansamblı yarandı”.
   Bildirildi ki, professor M.Kərimov həmçinin qədim musiqi alətlərimiz haqqında kitab da yazıb, müxtəlif ölkələrdə keçirilən konfranslarda musiqi mədəniyyətimizi layiqincə təbliğ edib.
   Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova diqqətə çatdırdı ki, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan ansamblın Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş ilk konserti rəğbətlə qarşılanıb. Bundan sonra ansambl bir çox xarici ölkələrdə qastrol səfərlərində ölkəmizi layiqincə təmsil edib. 
   Çıxışlardan sonra bədii hissəyə keçildi. Ansamblın müşayiəti ilə gənc müğənnilər Vəfa Hüseynova və Hüseyn Məlikovun ifasında “Yaxan düymələ”, “Ay qız, sənə mailəm”, “Gizlətmə məndən öz sirrini”, “Apardı sellər Saranı”, “Qaragilə” və s. xalq mahnıları səsləndi.
   
   S.Fərəcov